Azərbaycan Ermənistana sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu buraxmayıb- Politoloqbackend

Azərbaycan Ermənistana sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu buraxmayıb- Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində çox mühüm məsələlərə toxundu, Azərbaycanın qətiyyətli mövqeyi fonunda regionda hazırkı vəziyyət və regional proseslərin gələcəyi ilə əlaqədar çox mühüm mesajlar verdi. Dövlət başçısının səsləndirdiyi fikirlər, ilk növbədə, qalib Azərbaycanın gələcəyə yönəlik aydın strateji baxışlarının olduğunu və prinsipial məsələlərdə milli maraqlara əsaslanan konkret yanaşma sərgilədiyini bir daha təsdiqlədi”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan Prezidentinin bir daha münaqişənin artıq tarixə qovuşması və qondarma “Dağlıq Qarabağ”, “status” sözlərindən istifadə olunmasının yolverilməzliyi barədə qəti fikirlər səsləndirməsi təxribatçı mövqedən çıxış edən ermənilərə və ermənipərəst dairələrə açıq və konkret mesajdır:

“Dəfələrlə ifadə olunub ki, “Dağlıq Qarabağ” adlı xüsusi inzibati ərazi vahidi və əlahiddə idarəetmə subyekti yoxdur. Qarabağ aranlı-dağlı Azərbaycanın ərazisidir. Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa edərək regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa xidmət edən yeni geostrateji reallıq yaradıb. Ona görə də nə status, nə də status-kvo mövcuddur, bundan sonra da ola bilməz. Qondarma status məsələsi Ermənistanın və ermənipərəst dairələrin süni siyasi gündəm yaratmaq və diqqəti əsas strateji məsələlərdən yayındırmaq üçün faydasız manipulyasiya alətidir”.

Politoloq onu da qeyd edib ki, Ermənistanın təxribatçı mövqeyinə və məğlub ölkəyə havadarlıq edən bəzi güc mərkəzlərinin uğursuz cəhdlərinə baxmayaraq, Azərbaycan öz strateji hədəflərini addım-addım gerçəkləşdirir:

“44 günlük Vətən müharibəsinə qədərki zaman müddətində Azərbaycan dövləti BMT-nin Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş “Sülhə məcburetmə” əməliyyatı keçirməklə öz hərbi gücü vasitəsilə ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olacağını qətiyyətlə bəyan edirdi. İşğalçı Ermənistan və dünya erməniliyi, bəzi geosiyasi güc mərkəzləri isə bunun yolverilməz olduğunu və mümkün olmayacağını söyləyirdilər. Nəticədə nə oldu?! Azərbaycan 44 gün ərzində torpaqlarını işğaldan azad etməyə müvəffəq oldu. Eyni zamanda, postkonflikt mərhələsində məğlub Ermənistanın hərbi-siyasi rəhbərliyi və revanşist dairələr sülh müqaviləsinin imzalanmayacağını bildirir, qondarma məsələləri ortaya atırdılar. Azərbaycan öz hərbi qələbəsini siyasi müstəvidə möhkəmləndirərək və dərin strateji diplomatiya həyata keçirməklə bütün separatçı və dağıdıcı iddiaları tamamilə darmadağın etdi. Paşinyanın sülh müqaviləsinə hazırlıqla bağlı sonuncu fikirləri göstərir ki, “Sülhə məcburetmə” əməliyyatını 44 gün ərzində uğurla həyata keçirməklə ərazi bütövlüyünün bərpasına nail olan Azərbaycan hazırkı etapda Ermənistana sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu buraxmayıb. Digər tərəfdən, indi Ermənistan siyasi rəhbərliyi və bəzi ermənipərəst dairələr Zəngəzur dəhlizinin açılması məsələsini spekulyasiya predmetinə çevirməyə çalışırlar. Amma reallıq budur ki, Avrasiyanın yeni nəqliyyat və enerji xəritəsini yaradan Azərbaycanın prinsipial mövqeyinin və strateji kursunun fonunda Zəngəzur dəhlizinin açılması, regionda kommunikasiya xətlərinin bərpası ilə əlaqədar obyektiv və pozitiv beynəlxalq rəy-mövqe formalaşıb. Bu məsələnin reallaşmasına heç bir şübhə yoxdur. Regionda geoiqtisadi autsayder olan Ermənistan isə müəyyən müddət sonra sülh müqaviləsinin imzalanması kimi Zəngəzur dəhlizinin açılması məsələsində də tam adekvat yanaşma ortaya qoyacaq. Çünki məğlub ölkənin başqa çıxış yolu yoxdur. Azərbaycan isə, qeyd etdiyim kimi, milli maraqlara əsaslanan, regional təhlükəsizliyə və əməkdaşlığa xidmət edən strateji məqsədlərini reallaşdırmağa davam edir və qarşıdakı dövrdə yeni müsbət nəticələrin, əhəmiyyətli nailiyyətlərin əldə edilməsinin şahidi olacağıq”.

//Gülnarə Abasova,Editor.az