“Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə və Nazirlər Kabinetinin iclaslarında cəfəng və absurd fikirlər söyləməklə sanki özünün “ağıllı siyasətçi” olduğunu göstərmək istəyir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.
Onun sözlərinə görə, Nikol Paşinyanın Qərbdəki bəzi qüvvələrin xüsusilə də Fransanın əlində bir fiqur olduğu hərkəsə məlumdur:
“Onun söylədiyi fikirləri erməni mediası yayımlayaraq dünya ictimaiyyətində yanlış düşüncə formalaşdırmağa çalışır.
Ermənistan BMT təhlükəsizlik şurasına guya Qarabağda humanitar fəlakət yaşandığı, köməklik göstərməsi üçün məktub ünvanlamışdı. Fransa da BMT-dəki sədrliyindən istifadə edərək tələsik bu məktubu Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxardaraq qərar qəbuluna, sonda Azərbaycana qarşı qətnamənin qəbul edilməsinə çalışdı.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin illərdir apardığı uğurlu xarici siyasət, mahir diplomatik bacarığı nəticəsində Ermənistanla bərabər Fransa da ağır məğlubiyyətlərə uğrayıb. Onların istəyi baş tutmadı. Fransa tarixində ən rüsvayedici məğlubiyyətini qazanmış oldu. Paşinyanın Azərbaycan torpaqlarına sülhməramlıların yerləşdirilməsi ilə bağlı söylədiyi gülünc fikirləri erməni cəmiyyətində öz nüfuzunu artırmağa yönəlib. Qarabağ bütün dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Burada hər hansı sülhməramlı qüvvələrin yerləşdirilməsi ölkəmizin razılığı əsasında baş tuta bilər”.
//Safura Bənnayeva, Editor.az

