Azərbaycan Fransa və İrana örnək olur – xaricdən gələn təhdidlər…backend

Azərbaycan Fransa və İrana örnək olur – xaricdən gələn təhdidlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mövzu: “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi”

Azərbaycan dini və milli tolerantlıq baxımından nümunəvi ölkə olub. Bunu sonuncu , BMT-nin COP29 tədbiri müddətində bütün dünyaya yenidən göstərdi. Ölkəmizin tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi həmçinin əhalisinin etnik tərkibi burada fərqli dinlərin mövcudluğuna şərait yaratmışdır. Xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılmışdır. Vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, geniş şəkildə isə “Dini etiqad azadlığı haqqında” Qanunda təsbit olunmuşdur.
Azərbaycandan fərqli olaraq bir çox dünya ölkələrində dini və etnik qruplar arasında gərginlik isə hər an müşahidə olunan faktdır.

Azərbaycanda bu xüsusiyyətin qorunması və inkişaf etdirilməsi üçün hansı addımlar atılmalıdır? Ölkəmizdə dini, milli tolerantlıq necə təmin edilir?

Editor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Azərbaycan tolerantlıq, multikulturalizm istiqamətində bir çox ölkəyə nümunədir:

“Azərbaycanın bu sahədə təcrübəsi dünya dövlətləri tərəfindən də yüksək qiymətləndirilir. Bu siyasətin arxasında uzun illər dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər durur. Davamlı olaraq dövlətimizin bu sahəyə xüsusi həssaslıq və diqqətlə yanaşdığını görürük. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər yaşamaq üçün lazım olan şərait yaradılıb. COP29 dönəmində də sözügedən prosesin şahidi olduq. Bakıda dini liderlərin sammiti keçirildi. Çox sayda xarici qonaq Azərbaycana gəldi. Ölkəmizin təcrübəsi barədə öz fikirlərini bölüşdülər”.

Deputatın sözlərinə görə, həmin proses tarixi köklərə malikdir:

“Azərbaycan xalqı qədim dövrdən birgə yaşayıb. Burada islam dinin də mühüm rolu var. Eyni zamanda Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət də bu prosesə öz töhfəsini verir. Bu gün sözügedən siyasət uğurla həyata keçirilir. tolerantlıq və multikulturalizm ənənələrinin qorunması üçün dövlətimiz bütün addımları atır. Bu gün qarşımızda duran ən ümdə vəzifə də həmin istiqamətdə fəaliyyətlərin davam etdirilməsidir. Ən önəmli məsələ isə mövcud olan ənənələrin, dəyərlərin qorunmasıdır. Dövlət səviyyəsində həmin ənənə və dəyərləri qorumağa çalışırq. Dövlət dini icmalara yardımlar da edir. Bu digər dünya ölkələrinin hər birində rast gəlinən yanaşma deyil. Siyasət bu formada davam etdikcə, Azərbaycan daha da güclənəcək, möhkəmlənəcək”.

İlahiyyatçı Tural İrfan isə məsələyə belə münasibət bildirib:

“Azərbaycan həqiqətən milli və dini tolerantlıq ənənələrinin geniş yayıldığı və inkişaf etdiyi ölkədir. Hətta Fransa kimi Avropa ölkələrinə, eləcə də İran kimi müsəlman ölkələrinə bu sahədə nümunə olacaq durumdadır. Həm insanların genetik xüsusiyyətləri, həm də dövlətin siyasəti bu tolerantlığın qorunmasına geniş töhfə verib. Davamlı qorunması üçün bərabərlik pozulmamalıdır. Xaricdən olan dağıdıcı təsirləri, məkrli planları, təsirləri hər zaman nəzarətdə saxlayıb pozmaq lazımdır. Bir qədər boşluq yaranan kimi xarici düşmənlər bu boşluqda milli, dini tolerantlığınızı pozmağa çalışır, ekstremizm, radikalizm toxumları səpməyə cəhd edirlər. COP29 tədbiri zamanı Azərbaycan xalqının tolerantlıq ənənəsi eyni zamanda hakimiyyətin də bu ənənəni qorumaqda maraqlı olduğu bir daha dünyaya sübut olundu”.

İlahiyyatçının sözlərinə görə, Azərbaycanda milli tolerantlıqdan daha çox dini tolerantlığa zaman – zaman təhdidlər yaranır:

“Müxtəlif məzhəblər adı altında gizlənmiş xarici siyasi maraqlara xidmət edən qrupların üzvləri guya xarici ölkədə təhsil alıb gəlirlər və ölkədə həmin ölkələrin özünə məxsus dini təbliğatını aparırlar. Dini qiyafədə olan bu kimi adamlar əsasən fitnə mərkəzlərindəki şəxslərə, din alimi obrazındakı siyasi simalara təqlid edir, ziyarət adı ilə onlarla ünsiyyətdə olur, tapşırıqlar, mesajlar alır və ölkədə təfriqə, nifaq, məzhəb ayrıseçkiliyi yaratmağa çalışırlar. Öncə xaricə təqlidçiliyin qarşısı alınmalıdır. İbadət edən müsəlman fətvanı Azərbaycana müxalif olan din amilindən alırsa bu, atom bombası qədər təhlükəlidir ölkəmiz üçün. Əgər bu hallar olmasa əsla tolerantlığımıza təhlükə olmaz. İnanıram ki, bu kimi halıarın da qarşısı həm Azərbaycan İlahiyyat İnstitutunun yetişdirdiyi milli kadrlar vasitəsi ilə həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mənəvi Dəyərlərin Təbliği Fondunun apardığı səhih, obyektiv təbliğatla, mütəmadi olaraq nəzarət etməsi ilə alınacaq. Müxtəlif vaxtlarda konfranslar, tədbirlər, görüşlər təşkil olunmalı, fərqli din və konfessiyaların üzvləri, milli icmaların üzvləri dəvət edilib insani ünsiyyət inkişaf etdirilməlidir. Bu, quru və rəsmi təbliğatdan daha çox effekt verir.

Azərbaycanda tolerantlığın qorunması üçün sadəcə xaricdən olan təhlükələri dəf edib o təsirlərin ölkəmizdə qarşısını alıb kökünü kəsə bilsək heç zaman toletantlığımız pozulmaz. Yəni, əsas olan odur ki, kənar müdaxiləni kənarlaşdıraq”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.