Fransa Senatı Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul edib. Senat Fransa Konstitusiyasının 34-1-ci maddəsini rəhbər tutaraq Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə dair qanun layihəsini müzakirəyə çıxarıb və qəbul edib.
İclasda iştirak edən 296 nəfərdən 295-i layihənin lehinə, 1 nəfər əleyhinə səs verib. Qətnamə layihəsində “Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi” tələb olunub. Eyni zamanda, “Dağlıq Qarabağda humanitar büro açılması” da nəzərdə tutulub.
Görünən odur ki, Fransa öz törətdiyi qətilləri unudub. Fransa Əlcəzairdə 1830–1962-ci illəri əhatə edən işğalı dövründə 1,5 milyondan artıq insan qətlə yetirib. 1994-cü ildə isə Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat keçirmiş, nəticədə Fransa silahlı qüvvələri Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünü qətlə yetirmişlər.
Maraqlıdır ki, Fransa tərəfindən müsəlman əhaliyə qarşı törədilmiş soyqırım aktları Azərbacan tərəfindən bədnam bəyanatın verilməsi ilə nəticələndi? Onların bu addımına necə qarşılıq verməliyik?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev bildirdi ki, Fransa Senatının qəbul etdiyi bu qərar deklorativ xarakter daşıyan bir sənəddir:
“Çünki burada onun əsas söz sahibi Fransa hökumətidir. Bunu müraciət kimi qəbul ediblər. Burada çox absurd məsələlər var. Azərbaycandan qaz və neftin Avropaya təchizatının qarşısını almaq istəyirlər. Burada bir neçə sənədə istinad olunur. Həmin sənədlər 1949-cu il aprelin 4-ü BMT, 1945-ci il “Fransa Konstitusiyası”, 1969-cu il yanvarın 4-ü qəbul olunmuş “Beynəlxalq Konvensiya”dır. Amma unudurlar ki, özləri daima bu sənədlərdə pozuntulara yol veriblər. Bir çox ərazilərdə insan haqları tapdalanıb”.
Deputat qeyd edir ki, Rusiya kontingentinin nəzarətində olan qondarma qurumun ərazisində “humanitar ofis” açmaq qeyri-mümkündür:
“Guya ki, onlar həmin ərazilərdə yaşayan ermənilərin təhlükəsizliyini qorumaq istəyirlər. Bu bəyanatların hamısı boşdur. Dəfələrlə Azərbaycan prezidenti İlham Əliyev öz çıxışlarında bəyan edib ki, o ərazilər bizimdir, öz vətəndaşlarımız orada yaşayır. Azərbaycan Konstitusiyası pozulmayıbsa, cinayət əməlləri yoxdursa, birmənalı şəkildə biz onların təhlükəsizliyinə hər cür cavabdehik”.
A.Nağıyevin fikrincə, Dağlıq Qarabağın dövlət kimi qəbul edilməsi absurd məsələdir:
“ Həmin məsələnin həllini istəyirlərsə, Ermənistan özü niyə bu addımı atmır? Buna görə də inandırıcı görünmür. Sadəcə siyasi gedişlərdir. Bakıya qarşı hansısa sanksiyaların tətbiq olunması bizi qorxutmur. Çünki 2020-ci ilin noyabrında da Fransa senatı belə bir addım atmışdı. Paşinyan və komandası da belə bir məsələnin guya artıq Avropa səviyyəsinə çıxmasına görə sevinirlər. Çünki öz erməni vətəndaşlarından qorxurlar. Yenidən müharibə olarsa, əhali bunu yaxşı qarşılamayacaq. Fransa-Azərabcan münasibətlərinə bu kimi addımlar müsbət tendensiya gətirməyəcək. Çünki Fransa da bilməlidir ki, Azərbaycan suveren ölkədir, Qarabağ Azərbaycan ərazisidir. Ermənilərin nə qədər iddiası olsa da bu problemlər ancaq Azərbaycanın razılığı ilə həll edilə bilər. Əsas məqam da odur ki, 44 günlük müharibədən sonra Azərbaycan qalib tərəfdir və bizim Qarabağla bağlı problemimiz yoxdur. Ölkə suverenliyinin qorunması istiqamətində hər bir addım atılacaq”.
//Safura Bənnayeva, Editor.az

