“Azərbaycan gələcəkdə yaşıl enerji ixracatçısına çevriləcək”-ŞƏRHbackend

“Azərbaycan gələcəkdə yaşıl enerji ixracatçısına çevriləcək”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan respublikasında, Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında iştirakı çox böyük əhəmiyyət daşıyan məsələlərdən biri idi”.

Bu sözləri Editor.az-a İƏT-nin Zirvə Toplantısı ilə bağlı danışarkən Trend BİA-nın direktor müavini, politoloq Sahil Kərimli deyib.

Onun sözlərinə görə, ilk öncə Azərbaycanla Özbəkistan arasındakı strateji tərəfdaşlığın, ümumi iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirməliyik:

“Çünki Azərbaycan daim əməkdaşlıq etdiyi ölkələrlə bütün istiqamətlərdə ciddi əməkdaşlığa önəm verir və bunun gələcəkdə daha da inkişaf etdirilməsi istiqamətində çalışır.

Bu baxımdan baş tutan İƏT-in Zirvə Toplantısının böyük əhəmiyyəti var. Burada yer alan ölkələrlə əlaqələrin qurulması, Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun gün keçdikcə inkişafı və bunun dünyaya inteqrasiyası istiqamətində çox münbit şəraitdir. Azərbaycan neft və qaz ehtiyyatları ilə zəngin olan ölkədir. Burada bərpa olunan enerji sektorunun da inkişafına xüsusi əhəmiyyət verməliyik. Ümumiyyətlə, Azərbaycan gələcəkdə yaşıl enerji ixracatçısına çevriləcək”.

Politoloqun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda elektrik stansiyalarının, yaşıl enerji dəhlizlərinin yaradılması məsələləri hədəflənir: ” Xüsusilə də Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarının azad olunması, bu ərazilərin də inteqrasiya edilməsi də ölkəmizin imkanlarını daha da genişləndirəcək. Azərbaycanın İƏT-nin işinə çox böyük əhəmiyyət verməsini xüsusi vurğulamalıyıq. Bunun nəticəsində Azərbaycan İƏT-ə üzv ölkələrin iqtisadiyyatına da töhfə vermiş olacaq”.

//Səbinə Hüseynli, Editor.az