Editor.az hərbi ekspert Ramil Məmmədli ilə müsahibəsini təqdim edir:
-Ramil bəy, aprelin 11-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribatlar nəticəsində 3 hərbi qulluqçumuz şəhid olub. Əfsuslar olsun ki, vəziyyət normallaşmaq əvəzinə daha da gərginləşir. Bu gün sərhəddə vəziyyət necədir? Yeni təxribat gözlənilirmi?
-Doğrudur, dünən sərhəddə baş verən hadisə vəziyyəti daha da gərginləşdirdi. Hesab edirəm ki, bu vaxta qədər olan proseslər də əslində həmin qarşıdurmanın baş verəcəyinə işarə edirdi. Bu təxribatın müəyyən qalıqları var. Hazırda hər hansı münaqişənin davam etdiyini söyləyə bilmərik. Çünki rəsmi mənbələrdən bu barədə məlumat verilməyib.
-Son vaxtlarda İranın ölkəmizdə təxribatlara başlamasının ardınca sərhəddə belə vəziyyətin yaranması fonunda sizcə, İrəvan hansı məqsədləri güdür?
-Birmənalı şəkildə sülh müqaviləsinin imzalanması məsələsini gecikdirmək məqsədi güdülür. Burada eyni zamanda,bir sıra kənar qüvvələrin də rolu var. Avropa, Rusiya maksimum şəkildə hərbi əməliyyatların keçirilməsinin qarşısını alır. Əlbəttə proseslərdə İran amili də güclü rol oynayır. Ermənistan Azərbaycanla Tehran arasında olan hazırkı gərginlikdən yararlanmağa can atır. Yaranmış vəziyyət də onların maraqlarına xidmət edir. İrəvan son vaxtlar bütün təxribatları Azərbaycanla şərti sərhəd bölgələrində həyata keçirir. Bununla da birincisi, beynəlxalq təşkilatların diqqətini cəlb etmək istəyir. İkincisi, KTMT-ni bu məsələdə ölkəmizin üzərinə qaldırmağa çalışır. Üçüncüsü isə Avropa İttifaqı missiyasının fəaliyyətindən istifadə edərək Bakını aqressor kimi göstərməyə cəhd edir.
-Ramil bəy, bu kimi halların qarşısını almaq üçün Azərbaycan antiterror əməliyyatına başlayacaqmı? Müharibə gözləniləndir?
-2020-ci il 10 noyabr tarixindən sonra Azərbaycan dəfələrlə antirerror əməliyyatları keçirib. Müxtəlif strateji məntəqələr işğaldan azad edilib, nəzarətə götürülüb. Bir neçə gün əvvəl də Laçın yolu üzərində belə bir əməliyyat baş tutmuşdu. Lakin biz daha geniş miqyaslı antiterror əməliyyatının keçirilməsinin tərəfdarıyıq. Bunun üçün də zəmin var. Qarabağda erməni silahlı birləşmələri fəaliyyət göstərir, həmçinin İrəvanın son bir ildəki fəaliyyəti də göz qabağındadır. Hərbi əməliyyatların başlaması üçün siyasi qərara ehtiyac var.
//Safura Bənnayeva, Editor.az

