Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər- AÇIQLAMAbackend

Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son günlər sərhəddə Ermənistanın təxribatları səngimir. Əgər bu təxribatlar davam edərsə, Azərbaycan tərəfindən genişmiqyaslı cavab tədbirləri görüləcək. Ermənistan bu təxribatları davam etdirməsi yenidən müharibənin başlama səbəbi ola bilər”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

O, bildirib ki, Ermənistanın sərhəddə atəşkəsi son günlərdə ard-arda pozmasının arxasında bir neçə səbəb dayanır:

“Bu məğlub ölkənin son çırpınışlarıdır. Adətən münaqişə şəraitində olan iki dövlətdən hər zaman məğlub və haqsız olan tərəf belə təxribatlara əl atır. Ermənistan hakimiyyəti bacardığı qədər sərhədlərin delimitasiya və demakrasiya prosesinin həyata keçirilməsi və sülh müqaviləsinin imzalanması məsələlərini yubatmağa çalışır. Bu müddət ərzində isə Rusiyanı, eyni zamanda KTMT-ni proseslərə cəlb etməyə çalışır. Bir neçə gün öncə Paşinyan öz çıxışında rus qoşunlarını Azərbaycan- Ermənistan sərhədinə dəvət etdi.Tovuz döyüşləri, İkinci Qarabağ müharibəsi zamanı da Paşinyan hər yolla Rusiyanın proseslərə birbaşa müdaxiləsini təmin etməyə çalışırdı. Paşinyan bilir ki, Ermənistan ordusu artıq darmadağın olub və hər ehtimalı nəzərə alaraq Rusiyadan daim yardım dilənir. Ermənistan artıq Rusiyanın qılıncının altından keçib. İkinci Qarabağ müharibəsində də şahidi olduq ki, Ermənistanın Rusiyanın yardımı olmadan öz təhlükəsizliyini qoruması müşkül məsələdir”.

Politoloqun sözlərinə görə Azərbaycanla Ermənistan sərhədində KTMT-nin monitorinq məntəqələrinin yaradılması üçün heç bir əsas yoxdur:

“KTMT üzvü olan dövlətlərdən Qazaxıstan, Belarusiya, Qırğızıstan, Tacikistan Azərbaycanla dostluq münasibətlərinə malikdir və bu dövlətlər istəməz ki, Azərbaycanla ikili münasibətlərə xələl gəlsin”.

Sultan Zahidov qeyd edib ki, Ermənistan sərhəddə tez-tez təxribatlar törətməklə işğal etdikləri kəndləri Azərbaycana geri qaytarmamaq və sülhə getməyəcəkləri niyyətini ortaya qoyur. Lakin İkinci Qarabağ müharibəsi də sübut etdi ki, bölgədəki proseslər Ermənistanın istəyi ilə baş tutmur.

Politoloq vurğulayıb ki, son günlər Ermənistan məhz Naxçıvan istiqamətində intensiv olaraq atəşkəsi pozur:

“Naxçıvan nəqliyyat-kommunikasiya yollarının açılması üçün mühüm bənd rolunu oynayır. Naxçıvan Türkiyə ilə Azərbaycanı, şərqlə qərbi birləşdirən yolların qovşağında yerləşir. Ermənistanın bu istiqamətdə davamlı təxribatlara əl atması onu göstərir ki, kommunikasiya xətlərinin açılmasına Ermənistan maraqlı deyil. Düşünürəm ki, tam əksi olmalıdır. Çünki Ermənistanda iqtisadi böhranın əsas səbəbi onun işğalçı siyasəti və bu siyasət nəticəsində qonşu dövlətlər tərəfindən iqtisadi blokadaya məruz qalmasıdır. Bu ölkə hər zaman bölgədəki geostrateji əhəmiyyətli iqtisadi layihələrdən kənarda qalıb. Ermənistan bölgədə qeyri- konstruktiv mövqeyi və işğalçı siyasəti nəticəsində uzun illər böhran içində çabalayacaq. Ermənistan hakimiyyəti hələ də başa düşmür ki, öz ölkəsini məhvə aparır”.

Politoq onu da nəzərə çatdırıb ki, “Qars” müqaviləsinin 5-ci maddəsinə görə Naxçıvan ərazisinə hər hansı üçüncü dövlət tərəfindən təhdid olarsa, bu zaman Türkiyə prosesə müdaxilə edə bilər:

“Ermənistan tərəfindən Naxçıvan ərazisinə qəsd olarsa, yalnız “Qars” sazişi deyil, yaxın zamanlarda imzalanmış “Şuşa bəyannaməsi” də Türkiyənin proseslərə müdaxiləsinə imkan yaradır”.

//Gülnarə Abasova, Editor.az