Son dövrlər regionda geosiyasi rəqabətin dərinləşməsi fonunda Rusiya amili yenidən diqqət mərkəzinə çıxıb. Xüsusilə sosial media platformalarında Azərbaycana və dövlət başçısına qarşı yönəlmiş koordinasiyalı informasiya hücumlarının artması bu proseslərin təsadüfi olmadığını göstərir. İnformasiya müharibəsi artıq klassik siyasi təzyiq mexanizmlərinin davamı kimi istifadə olunur və bu müstəvidə əsas hədəf dövlət rəhbərliyinin nüfuzu, cəmiyyətin psixoloji dayanıqlığı və ictimai etimaddır. Azərbaycanın müstəqil xarici siyasət kursu və regionda artan rolu fonunda Rusiyanın sərgilədiyi davranışlar ayrıca analiz tələb edir.
Politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, son vaxtlar Rusiyanın Azərbaycana və xüsusilə ölkə Prezidenti İlham Əliyevə qarşı açıq təzyiq kampaniyası aparmağa çalışması təsadüfi deyil:

“Hazırda Rusiya mediasında Azərbaycana qarşı böhtan və qərəzli materialların tirajlanması müşahidə olunur. Paralel olaraq, Rusiyanın bəzi dövlət qurumlarının atdığı addımlar iki ölkə arasında gərginliyi artırmağa xidmət edir. Eyni zamanda, Rusiyanı təmsil edən bəzi rəsmi şəxslər tərəfindən Azərbaycanın ünvanına açıq və dolayı təhdidlər səsləndirilir. Bu faktlar göstərir ki, Rusiya faktiki olaraq Azərbaycana qarşı informasiya və siyasi təzyiq kampaniyası həyata keçirir.
Bu prosesin əsas səbəblərindən biri Prezident İlham Əliyevin ardıcıl və prinsipial şəkildə müstəqil xarici siyasət yürütməsidir. Azərbaycanın xarici siyasətində hər hansı qonşu və ya qlobal güc mərkəzinin maraqları deyil, məhz milli dövlət maraqları prioritet təşkil edir. Bu yanaşma isə Kremldə narahatlıq doğurur və nəticə etibarilə Azərbaycana Rusiyanın maraqları çərçivəsində hərəkət etməsi üçün təzyiq göstərilir. Lakin rəsmi Bakı bu cür təzyiqləri nə keçmişdə qəbul edib, nə də indi qəbul etmək niyyətində olduğunu açıq şəkildə nümayiş etdirir”.
Politoloqun fikrincə, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq xartiyasının imzalanmasından sonra Moskvanın reaksiyası daha da sərtləşib:
“Rusiya Azərbaycana qarşı daha aqressiv və təhdidkar ritorikaya üstünlük verir. Bu isə onu göstərir ki, Kreml artıq Azərbaycanın Rusiyanın təsir dairəsindən faktiki olaraq çıxdığını anlayır və bu reallıqla barışmaq istəmir. Cənubi Qafqaz regionunda əsas iradə və təşəbbüs mərkəzi Azərbaycandır. Ölkəmiz yalnız Rusiya ilə deyil, dünyanın aparıcı gücləri və nüfuzlu beynəlxalq qurumları ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurur. Azərbaycan iqtisadi və ticari əlaqələrin genişləndirilməsini prioritet hesab edir və bu proseslərdə hər hansı neo-imperialist yanaşmanı nəzərə almaq niyyətində deyil.
Nəticə etibarilə, Rusiyanın son dövrlərdə Azərbaycana qarşı aqressiv ritorikaya üstünlük verməsinin və Prezidentə yönəlmiş informasiya hücumlarının əsas səbəbi məhz ölkəmizin ABŞ və Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsi, yeni strateji sənədlərin imzalanması və müstəqil siyasi xəttin davam etdirilməsidir”.
//Gülnarə Abasova, Editor.az

