“Azərbaycan hələ uzun illər Gürcüstanla birlikdə yeni beynəlxalq layihələrə imza atacaq”-ŞƏRHbackend

“Azərbaycan hələ uzun illər Gürcüstanla birlikdə yeni beynəlxalq layihələrə imza atacaq”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana ölkənin baş naziri İrakli Qaribaşvilinin rəsmi dəvəti ilə işgüzar səfəri uğurla başa çatdı. İkitərəfli görüşdən sonra liderlərin mətbuata birgə çıxışında diqqətçəkən bir sıra məqamlar oldu. Belə qənaətə gəlmək olur ki, Azərbaycan hələ uzun illər Gürcüstanla birlikdə yeni beynəlxalq layihələrə imza atacaq”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, zamanında Gürcüstan və Azərbaycanın mərhum prezidentləri Eduard Şevardnadze və Heydər Əliyev arasında olan dostluq iki ölkənin xalqları arasında dostluğu daha da möhkəmləndirib:

“Hazırda isə hər iki lider bu əlaqələri uğurla davam etdirir. Azərbaycan bütün enerji resurslarını birbaşa olaraq Gürcüstan ərazisindən dünya bazarlarına çıxardır. Eyni zamanda, yükdaşımalarını da Gürcüstan üzərindən reallaşdırır. Hazırda Orda Dəhlizə olan tələbatın artması və Azərbaycanın təklif etdiyi alternativ yol çox böyük marağa səbəb olub. Bu baxımdan da Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryol xəttinin yükgötürmə qabiliyyətinin 10 dəfəyə qədər artırılmasını planlaşdırır. Həmçinin Gürcüstanda mövcud dəniz limanlarının genişləndirilməsinə sərmayə qoyulması da Azərbaycanın maraq dairəsindədir. Bütün bunlarla yanaşı, Azərbaycan Yaşıl enerji dəhlizinin formalaşdırılması üzrə ilkin razılıqları əldə edib və Gürcüstanla birlikdə Qara Dənizdən keçməklə Avropaya alternativ enerji resurslarının ötürülməsini reallaşdıracaq”.

N. Həmzəyevin sözlərinə görə, Prezident İlham Əliyevin sözügedən səfəri iki ölkə arasında münasibətlərin sürətlə inkişafına böyük töhfə verəcək:

“Xüsusilə də Cənubi Qafqaz ailəsinin sülh və əmin-amanlıq içərisində yaşaması üçün Gürcüstanın üzərinə böyük missiya düşür. Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda Ermənistanın da Gürcüstan-Azərbaycan münasibətlərindən nümunə götürərək Qafqaz ailəsi ideyasına töhfə verməyinin vaxtı çatıb. Növbəti dövr üçün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması naminə yeni görüşlərin keçirilməsi, sülh müqaviləsinin imzalanması üçün Tiflisin məkan olaraq seçilməsi ehtimalı daha böyükdür. Tezliklə Cənubi Qafqazda bütün xalqların sülh içərisində yaşayışının şahidi olacağıq. Eyni zamanda, biz bütün region ölkələrinin iqtisadi inkişafını şərtləndirən əməkdaşlıq yolunu seçməsinə də şahid olacağıq”.

//Gülnarə Abasova, Editor.az