Azərbaycan iki “partlayış”la üz-üzə – Hiyləgər və qəddar…backend

Azərbaycan iki “partlayış”la üz-üzə – Hiyləgər və qəddar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVİD-19 dünyada “ikinci bahar”ını yaşayır. Artıq bir çox dövlətlər koronavirusla mübarizədə aciz duruma düşdüklərini açıq etiraf edirlər. Dünyanın ən güclü dövlətlərinin belə COVİD-lə mübarizə aparmaqda çətinlik çəkdikləri statistik rəqəmlərdən də məlumdur. Qonşu ölkələrdə də vəziyyət kritik həddə çatıb. Digər dövlətlərlə müqayisədə bizdə epidemioloji vəziyyəti qənaətbəxş hesab etmək olar. Amma son bir neçə günün rəqəmləri Azərbaycanda da yoluxma sayının yüksələn xətt üzrə artdığını göstərir.

Ölkəmizdə koronavirusa yoluxmada bir o qədər artım olmasa da, bu, bizim də qonşu Gürcüstanın, Rusiyanın və digər ölkələrin aqibətini yaşamayacağımız anlamına gəlmir. Çünki hələ ən tezi bir ay bundan qabağa kimi infeksionistlər, mütəxəssislər kəskin respirator virus infeksiyaların sürətlə yayıldığı payız aylarında vəziyyətin daha kritik həddə çatacağı barədə xəbərdarlıqlar edirdilər. Uzun zamandan sonra ölkəmizdə COVİD-ə yoluxanların sayının kontroldan çıxaraq 200-ün üzərində olması epidemioloji durumun kritikləşdiyindən, vəziyyətin ciddiliyindən xəbər verir. Mutasiyaya uğradığı müəyyən edilən COVİD-lə soyuq aylarda mübarizənin daha da çətinləşəcəyi öncədən məlum idi. Lakin bütün bu məlumatlar fonunda insanlarımızda koronavirusa qarşı səhlənkərlıq diqqətdən yayınmır.

Pandemiya şəraitində Azərbaycana iki virusla mübarizə aparmaq zərurəti meydana çıxdı. Biri hiyləgər Ermənistan hakimiyyəti, digəri isə qəddar COVİD-19 virusudur. Bütün ölkənin diqqəti bu gün sentyabrın 27-dən cəbhədə başlayan Qarabağ savaşına yönəlib. İlk gündən vətəndaşlarımız göstərdiyi birlik-bərabərlik ilə düşmənə Azərbaycan xalqının gücünü nümayiş etdirdi. Bu çətin məqamda ordumuza və dövlət başçısına hər cür dəstək verərək bir yumruq kimi birləşməyi bacaran Azərbaycan xalqı COVİD-lə bağlı mübarizədə əfsuslar olsun ki, bu həmrəyliyi, hələ ki, nümayiş etdirmir. Artıq 8 aydır koronavirusa qarşı mübarizə ilə bağlı istər informasiya məkanında, istərsə də ictimai yerlərdə kifayət qədər təbliğat-təşviqat işlərinin görülməsinə baxmayaraq vətəndaşlarımızda məsuliyyətsizliyi görmək insanı üzür.

Bütün diqqətinin Qarabağda gedən savaşlara və Ermənsitanın havadarlarının təzyiqlərinə başı qarışan dövlətin müharibə ilə bağlı verdiyi qərarlara 7-dən 77-yə həmrəylik nümayiş etdirən insanlarımız indiki dönəmdə COVİD cəbhəsində daha çox ayıq-sayıq olmalıdırlar. Çünki bizim edəcəyimiz məsuliyyətsizlik əsas cəbhədə mövqelərimizi zəiflədə bilər. Orduda koronavirus təhlükəsinin qarşısını almaq, xalq və dövlətin zərbəni bir cəbhəyə, bir nöqtəyə endirməsi üçün, bu, çox vacib amildir. Nəzərə alsaq ki, hələ də bu virusun peyvəndi ilə bağlı ciddi irəliləyiş yoxdur, o zaman bir-birimizi qorumaq, ətrafımızı COVİD təhlükəsindən xilas etmək üçün bir yolumuz qalır, qaydalara məsuliyyətli şəkildə əməl etmək…

//milli.az