Azərbaycan iqtisadiyyatının inkişaf dinamikası: azad sahibkarlıq üçün əlverişli mühit mövcuddurmu?backend

Azərbaycan iqtisadiyyatının inkişaf dinamikası: azad sahibkarlıq üçün əlverişli mühit mövcuddurmu?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

İnkişaf etmiş bir çox ölkə kimi Azərbaycan da liberal iqtisadiyyat və azad sahibkarlığın inkişafını prioritet mövzulardan biri kimi müəyyənləşdirib. Müstəqilliyin bərpasından sonra bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib.

İqtisadi inkişafın əsas elementlərindən biri də ölkədə sahibkarlıq üçün əlverişli mühit yaradılmasıdır. Çünki iqtisadiyyatın tərəqqisi üçün rəqabət mühiti və şaxəli şəkildə inkişaf olmalıdır.

Bəs bu gün Azərbaycanda iqtisadiyyat, azad ticarət və sahibkarlığın inkişafı üçün əlverişli mühit mövcuddur?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov bildirdi ki, Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasını 3 hissəyə bölmək mümkündür:

“Birincisi, 29 illiyi tamam olan “Əsrin müqaviləsi” layihəsidir. Azərbaycan öz daxili gücün hesabına ayaqda duran, özünü dolandıran və istismar olunan respublika idi. Məlum olduğu kimi Sovet dönəmində aqrar və neft-sənaye ölkəsi hesab olunurdu. Müstəqillikdən sonra dərhal müharibənin başlanması, büdcənin sıfırın altında olması, xarici borcların günü-gündən artması, ümumi daxili məhsulun ölçülə bilməyəcək dərəcədə aşağı düşməsi ölkə iqtisadiyyatının tənəzzülündən xəbər verirdi. Bir çox  infrastruktur məsələlərin də sıradan çıxmasına səbəb olmuşdu. “Əsrin müqaviləsi” ilə Azərbaycan iqtisadiyyatının inkişafına təkan verildi. Bu proses 2003-cü ilə qədər davam etdi. 2003-2008- ci illər arası isə ikinci mərhələ başladı. Artıq Azərbaycan özünə gəlməyə başladı. Atəşkəsdən sonrakı vəziyyət, bir çox xarici investorların ölkəyə xüsusilə də neft sənayesinə sərmayə qoyuluşu yeni mərhələnin göstəricisi idi. Bu müddət ərzində ölkədə bir sıra infrastruktur layihələrinin inkişafı həyata keçirildi. 2008-2015-ci illər ərzində Azərbaycanda bir sıra infrastruktur layihələrinin inkişafı reallaşdı. 2015-ci ildən sonra isə dördüncü mərhələ başlayır. Yəni artıq iqtisadiyyatın diversifikasiyası , bank sisteminin yeni standartlara uyğun olaraq çalışması, aqrar, qeyri-neft sektorunun inkişafı ön plana çıxarıldı. Çünki neftin qiyməti aşağı düşməyə və Azərbaycanda növbəti devalvasiya baş verdi “.

Ekspertin fikrincə, bununla da məlum oldu ki, artıq əvvəlki yanaşma ilə bir dönəm fəaliyyət göstərən bank sistemi, sənaye, qeyri-neft sektoru yeni standartlara uyğun inkişaf etdirilməlidir:

“Azərbaycan həm də aqrar ölkəsidir. Bunu həyata keçirməyə iqtisadi, ticari və insan kapitalı, təbiət imkan verir. Bir sıra məsələlərdə addımlar atıldı. Bəzi dövlət qurumlarının fəaliyyəti müasir standartların tələblərinə uyğunlaşdırıldı. Lisenziya icazələrinin alınması sadələşdirildi, qanunvericilik xüsusən də iqtisadi vergi qanunvericiliyi və əmək qanunvericiliyinə Azərbaycanın tərəfdaş olduğu beynəlxalq sənədlərə uyğun olaraq dəyişikliklər oldu. Bu da ölkədə iqtisadi inkişafa təkan verdi. Ümumiyyətlə, xarici investorlar ölkəyə hər hansı yatırım etmək istəyərkən ilk növbədə onu maraqlandıran həmin dövlətin iqtisadi, siyasi vəziyyət və sahibkarlıq mühitidir.Bunun üçün də ölkənin reytinq səviyyəsi nəzər salır. Azərbaycanda da Dövlət Vergi xidmətinin saytında 10 il öncə və bu günkü vergi ödəyicilərini müqaisə etdikdə ən azı 5-6 dəfə artım müşahidə edilir. Vergi ödəyiciləri tərəfindən ödənilmiş vəsait 8-9 dəfə daha artıq büdcəyə daxil olur. Bu rəqəmlərə əsasən demək olar ki, Azərbaycanda ticarətin,sahibkarlığın, iqtisadi inkişafın təmin edilməsində ciddi addımlar atılır. Azərbaycanın tək yaralı yeri Qarabağ problemi idi. Hansı ki, SSRİ dönəmində həmin ərazidə iki iqtisadi zona mövcud idi. Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi zonası. Həmin dövrdə Azərbaycan SSRİ-nin büdcəsinə daxil olan vəsait digər regionlardan çox idi. Çünki həmin sahələrdə sanatoriya müəssisələri, heyvandarlıq, maldarlıq, taxılçılıq, kənd təsərrüfatı geniş inkişaf etmişdi. Eyni zamanda, orada dəmir, filiz, mis, qızıl yataqları da mövcud idi. Onu da qeyd etmək yerinə düşər ki, müharibə zamanında bu infrastruktura da zərər dəymişdi. Yeni geosiyasi reallıqlar Azərbaycanın gücünü, qüdrətini göstərməklə yanaşı, artıq fikrinin iqtisadi  və ticari istiqamətə yönəlməsinə gətirib çıxardacaq”.

İqtisadçı ekspert Ruslan Atakişiyev isə ölkəmizdə liberal bazar iqtisadiyyatının formalaşmasından danışmağın hələ tez olduğunu düşünür:

“İnkişaf etmiş ölkələr və Qərb dövlətlərində liberal bazar iqtisadiyyatı populyar mövzudur. Real həyat göstərmiş oldu ki, dövlət  yun qaydalarının formalaşmasında, tənzimlənməsində rol oynamalıdır. Bu da “Keynsçilik”nəzəriyəsində özünü daha çox göstərməyə başladı. Azərbaycanda bu gün dövlətin iqtisadiyyatda iştirakı genişdir. Bunun azaldılması istiqamətində işlər görülməlidir. Dövlət iqtisadiyyatda harda olmalıdır? Onun sərhədləri müəyyənləşdirilməlidir. Bu mühüm məsələdir. Çünki elə məqam var ki,orada dövlət daha çox iqtisadiyyata müdaxilə edir. Bu da iqtisadiyyatda gözlədiyimiz inkişafa nail olmaqda müəyyən çətinliklər yaradır “.

Ekspertin fikrincə, azad iqtisadiyyatın formalaşmasının təməllərindən biri də azad rəqabətin qorunmasıdır:

“Ölkəmizdə rəqabət məsələsi qəbul olunmayıb. Ümumiyyətlə, sahibkarın tam rəqabətli mühitdə formalaşması üçün inhisarçılığın müxtəlif elementləri özünü göstərməkdədir. Bu sahədə geniş işlər aparılmalıdır. Devalivasiyaya qədərki və  devalivasiyadan sonra aktual məsələlərdən biri də dövlət məmurunun sahibkarlıqda iştirakı məsələsinin məhdudlaşdırılması idi. Bu amil qanunvericilikdə öz əksini tapsa da iqtisadi proseslərdə həmin təzahürlər müşahidə edilməkdədir. Bu da inkişafa mane olan məsələrdəndir. Çünki burada marağın formalaşması konfliktlərin yaranmasına səbəb olur”.

İqtisadçı ekspert Elşən Bağırzadə isə məsələni belə şərh edib:

“Liberallaşmaya əgər özəl sektorun iqtisadiyyatdakı payı baxımından yanaşsanız, liberallaşma yüksəkdir, özəl sektor ümumi daxili məhsulumuzun mütləq əksərini istehsal edir. Yəni istehsalda dövlətin payı azdır. Yox əgər liberallaşmanı iqtisadiyyatda bazar mexanizminin tam şəkildə bərqərar olması kimi götürsəniz, burada şübhəsiz ki, problemlərimiz var. Burada problemlərimiz dövlətin bazarı tənzimləmə çərçivəsindən daha çox, bu çərçivənin normativ-hüquqi aktlarda olduğu kimi tətbiqi sahəsindədir. Hazırda parlamentdə Rəqabət Məcəlləsi də ilkin müzakirəyə hazırlanır. Düşünürəm ki, qeyd edilən tənzimləmə çərçivəsinin təkmilləşməsində bu məcəllənin də mühüm rolu olmalıdır”.

Safura Bənnayeva, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.