Editor.az politoloq Asif Nərimanlı ilə müsahibəsini təqdim edir:
-Asif bəy, rusiyalı politoloq Sergey Markedonov açıqlamasında bildirib ki, Azərbaycan-İran münasibətləri son vaxtlar kəskin şəkildə pisləşib. Lakin iki qonşu dövlətin baxışları nə qədər fərqli olsa da onlar qəti şəkildə üçüncü ölkələrin maraqları naminə heç kimlə döyüşmək istəmir. Bu məsələni necə qiymətləndirirsiniz? Hansısa münaqişə gözləniləndir?
– İran-Azərbaycan münasibətlərinin müharibə həddinə qədər çatacağını düşünmürəm. Proseslərin gərginləşməsində İranın öz maraqları var. Çünki bundan istifadə edərək həm daxili vəziyyəti nizamlayır, həm də Cənubi Qafqaz siyasətində maksimum dərəcədə Azərbaycana təsir etməklə, mövcud şərtləri öz maraqlarına uyğun dəyişə biləcəklərini zənn edirlər. Bu prosesdə başqa məqamlar da var. İran Azərbaycanı təhrik etməyə çalışır ki, cavab addımı verilsin. Bundan da hərbi müdaxilə üçün istifadə etməyi düşünür. Görünür, rəsmi Bakı da bununla bağlı məlumatlıdır. Ona görə də gərginliyə getməkdən çəkinirlər.
– Xatırladım ki, yanvarın 27-sində Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı baş verdi. Lakin İrandan bununla bağlı dəqiq məlumat verilmədi. Səbəb nədir? Ölkəmiz Tehrandan məsələ ilə bağlı ciddi addım atmağı gözləyirmi?
-Səfirliyimizə edilən terror hücumunu da Bakı-Tehran xəttində “körpülərin yandırılması” kimi dəyərləndirmək olar. Terror aktı baş verdikdən sonra İranın sərgilədiyi mövqe olduqca təəccüblü idi. Çox normal münasibət göstərməyə çalışırdılar. Lakin sonra istintaqların düzgün aparılmaması, terrorçunun qorunması, xəstəxanaya yatırılması, İran rəsmilərinin sərt ritorikaya keçməsi göstərir ki, münasibətlərin daha da kəskinləşməsinin şahidi ola bilərik. Azərbaycan müharibənin marağında deyil. İran da yaxşı bilir ki, bu, təkcə rəsmi Bakı ilə yox Türkiyə ilə də qarşı-qarşıya gəlmək deməkdir. Rusiya da Cənubi Qafqazdakı maraqlarına görə hərbi müdaxilə reallaşarsa, onu dəstəkləməyəcək.
-İsrail İranın bölgədəki təsirini zəiflətmək məqsədi ilə ərəb ölkələrindən ibarət koalisiya yaratmaq niyyətindədir. Sizcə bu effektiv olacaq və Azərbaycan prosesdə təsir görəcəkmi ?
-İsrailin İrana qarşı hərbi koalisiya yaratmaq istəyi məlumdur. Əgər bu hal baş verərsə, bu prosesin inkişafında hər nə qədər biz istəməsək də məsələyə daxil ola bilərik. İstisna deyil ki, İrana hərbi müdaxilə olacağı təqdirdə onun hədəf seçəcəyi ölkələrdən biri də biz olacağıq. Rəsmi Tehranın ölkəmizə hərbi müdaxiləsi reallaşa bilər.
– Qeyd edirsiniz ki, İran hərbi müdaxilə şəraitində Azərbaycanı prosesə daxil edə bilər. Səbəb nədir?
-Çünki onlara qarşı hərbi müdaxilə olarsa, İranın parçalanması məsələsi gündəmə gəlir. Burada Cənubi Qafqaz faktoru var. Yəni istənilən hərbi müdaxilədə elə imkanlar yaranacaq ki, Cənubi Azərbaycanın müstəqil olması, hüquqların təminində rəsmi Bakı lokomativ rolunu oynayacaq. Söhbət hələ Cənubi və Şimali Azərbaycanın birləşdirilməsindən yox, soydaşlarımızın hüquqlarının qorunmasından gedir. İstənilən hərbi müdaxilə Cənubi azərbaycanlıların azadlıq, müstəqillik istəklərinin boğulmasına hesablana bilər. İran bununla göstərməyə çalışacaq ki, bir-birilərinə qarşı beynəlxalq müharibəyə başlayıblat və Azərbaycan da burada iştirak edir.
-Asif bəy, bir çox ekspertin fikrincə, İran və Azərbaycanın da ümumi iqtisadi maraqlar olduğu üçün hərbi münaqişəyə yol verilmir. Bu faktora görə, rəsmi Bakı İran tərəfinin təxribatlarına susacaqmı?
– Azərbaycan susmayacaq. Rəsmi Bakının mövqeyi göstərir ki, ölkəmiz əvvəlki kimi deyil. Səfirliyimizə qarşı edilən hücum xüsusilə qırılma nöqtəsidir. Bəlkə də bu terror aktından sonra İran normal münasibət bəsləsəydi aradakı gərginliyin bərpa edilməsinə də şərait yaranardı. Faktlar göstərir ki, Tehran tutduğu mövqedən geri çəkilməyəcək. Azərbaycan-İran əlaqələrində iqtisadi münasibətlər də mövcuddur. Şimal-Cənub dəhlizi üzərindən əsas əlaqələr qurulub. Region üçün əhəmiyyətli layihələrdən biri də budur. Bu, həm də avrasiyanın nəqliyyat şəbəkəsində əsas rol oynayır. Azərbaycanın əsas istəyi Şimal-Cənub dəhlizini Şərq-Qərb dəhlizinə qoşsun. Bununla da avrasiyanın nəqliyyat şəbəkəsini Azərbaycan üzərindən birləşdirsin. “Orta dəhliz” həmin layihələrin ümumi mənzərəsidir. Proses daha da sərtləşərsə, bu cür əlaqələrə görə ölkəmiz haqlı mövqeyindən geri çəkilməyəcək. Çünki Şimal -Cənub dəhlizin arxa plana keçməsindən ziyan çəkənlərdən biri də İran olacaq. Azərbaycan onsuz da orta dəhliz üzərindən müəyyən potensiala malikdir. İranın məsələyə qoşulmaması prosesdən kənarda qalmasına səbəb ola bilər.
//Safura Bənnayeva, Editor.az

