Azərbaycan İran münasibətləri normallaşır? -“Bunun yeganə yolu…”- AÇIQLAMAbackend

Azərbaycan İran münasibətləri normallaşır? -“Bunun yeganə yolu…”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşündə İranın Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və Gürcüstanın xarici işlər nazirləri ilə Tehranda 3+3 formatında görüş keçirməyə hazır olduğunu deyib.

İranın məsələ ilə bağlı marağı nədən ibarətdir və Azərbaycanla münasibətlərə təsir edə bilərmi?

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, ümumiyyətlə nəinki bölgədə, bütövlükdə beynəlxalq münasibətlər sistemində proqnozlaşdırılması olduqca mürəkkəb olan bir vəziyyət əmələ gəlib:

“Bu məsələyə ənənəvi aktorlardan kənar, ilk baxışda bəlkə kiçik kimi görünsə də, əslində olduqca dəyişdirici çəkiyə malik yeni aktorların, onların bölgə ölkələri ilə yaradılacaq münasibətlərinin, əməkdaşlıq formatlarının qurulması faktını da əlavə etməliyik. Kiçik olmayan məsələyə Kürdüstanla Türkiyə arasında 12 milyard dollar təşkil edən ticarət dövriyyəsi, biznes investisiyaları daxildir ki, burada həm də Kürdüstan-Azərbaycan arasında da irəlilədiləcəyi artıq real olan münasibətlərdən söhbət gedir. Mövcud cari mənzərəni Azərbaycan Prezidenti cənab İlham Əliyev uzaqgörənliklə müəyyən etdiyindən proaktiv diplomatiya ortaya qoyaraq müharibə bitər-bitməz təklif etdiyi 3+3 əməkdaşlıq platformasının qaçılmaz olduğu başqalarına indi daha da aydın olur. Bu məsələ Zəngəzur dəhlizinin reallaşmasında da əsaslı rol oynadığından İran bütün vasitələrlə bu platformaya mane olmağa çalışsa da, lakin alındıra bilmədi. Bu baxımdan, görünür, İran sözügedən əməkdaşlığın ona itirəcəklərindən daha çox qazandıracağı dividentləri indi düzgün hesablayıb.Lakin hələ də bu məsələdə fundamental narahatlıqları, həm də maraqları olduğundan görüş məkanı kimi Tehranı təklif edir. Tam soyuqbaşlı yanaşma tətbiq etsək, düzü, bu məsələ həm də İran-Azərbaycan münasibətlərinin düzəlməsi baxımından müsbət ola bilər. Rəsmi Bakı ilə münasibətlərin bərpası mütləq olmalıdır. Burada isə İran təşəbbüsü ələ almalıdır. İstisna etmirəm o faktı da ki, belə bir görüş Tehranda baş tutarsa dövlət başçımızın rəhbərliyi ilə İrana dəvət ediləcək nümayəndə heyətinin tərkibində Azərbaycanın Baş prokuroru, Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat Xidmətinin rəisləri də olsun. Çünki Münxendə dövlət başçımız birmənalı bildirdi ki, Azərbaycanla İran münasibətlərinin normallaşması məsələsinin müzakirəsi terror hadisəsi istintaqının şəffaf aparılmasından, Azərbaycan tərəfinə bu barədə dürüst məlumatların verilməsindən, terrorçu və onu göndərənlərin ədalət mühakiməsi qarşısına çıxarılmasından keçir”.

Şəbnəm Həsənovanın sözlərinə görə, İran bölgəyə Aİ missiyasının bu dəfə daha uzun, 2 illik kimi bir müddətə gəlişinə səs çıxarmır:

“Burada isə İranın iqtisadi maraqlar vasitəsilə təmin etməyə çalışdığı siyasi maraqları mövcuddur. Əvvəla, onu qeyd edək ki, İran bölgədə öz mövqeyi baxımından Rusiyanın dominant siyasi və iqtisadi rolunu tənzimlənə biləcək hala gətirmək istəyir. Azərbaycanla Rusiya digər məsələlərdə tam fərqli mövqeyə malik olsa da, nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı demək olar ki, eyni mövqeyə sahibdirlər. Burada isə ilkin başda Rusiyanın da olacağı Türkiyə də daxil olmaqla hələ ki, üçlü bir güclənmədən söhbət getdiyindən, bu əməkdaşlığın sonra özünə daha fərqli aktorları almasına qədər İran məhz bu üçlük qarşısında zəif qalmaq istəmir. İran Ermənistanla olan münasibətlərinin inkişafının qarşısının alınmaması üçün, bunu daha da irəlilətməkdən ötrü Ermənistanla yola Aİ-nin kapital qoyuluşunda maraqlıdır. Avropaya çıxışı tam bağlı saxlamaq İrana lazım olmadığından, Ermənistan da İranın Avropaya açılan pəncərəsi olduğundan Aİ-nin insan hüquq və azadlıqları təməl silahı baxımından hələlik yumşaq ifadə edək ki, İran özünü bu tənqiddən azad edir. Belə olan halda azərbaycanlılara qarşı repressiyanın hər növü də daxil olmaqla Aİ-nin İrana qarşı hər növ əks həmləsində, siyasi təsisatlarında alına biləcək qərarlarında İran aradan çıxa bilməyi hədəfləyir. Bu təqdirdə İran bölgədə hər amildən daha təhlükəli hesab etdiyi ortaq türk amilinin qarşısını almaq istəyir. Hələ üstəlik o faktı da nəzərə alaq ki, anası azərbaycanlı olan Rza Pəhləvi molla rejimini inkar edən Qərb tərəfindən dəstəklənir”.
 
//Safura Bənnayeva, Editor.az