“Prezident İlham Əliyevin iştirakı ilə cari ilin 19 may tarixində Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi baş tutmuşdur. Bu qovşaqlar bir tərəfədən elektrik enerjisinin alınması və suvarma üçün əhəmiyyətlidir, digər mühüm faktor olaraq isə Azərbaycan və İran arasında münasibətlərin daha da yaxınlaşmasına bir töhfədir. İrandakı Azərbaycanın səfirliyinə edilmiş xain hücumdan sonra ilk dəfə yüksək səviyyədə görüşün keçirilməsi münasibətlərin normallaşması və yenidən səfirliyin açılması işlərinə təkan verir”.
Bu fikirləri açıqlamasında “ELM” Gənclərin Sosial-İntellektual İnkişafına dəstək İctimai birliyinin sədri Səbuhi Abdullayev deyib.
Onun sözlərinə görə, əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün də bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb:
“İlk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşməsi hadisəsi bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir.
Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma və dəstək hissləri bu gün həm bu nəhəng layihədə, həm də aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda da özünü göstərəcək. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Azərbaycanın və İranın daxil olduğu bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsi və bundan sonra da bu dəstəyi göstərəcəyinə əminlik yaratması xalqları daha da yaxınlaşdırır. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə dəstək verməyimiz buna bariz nümunədir.
Ölkələrimizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki təkcə ölkələrimiz üçün, hətta daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirir. Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikiləndən sonra o, da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsi, onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Həm Şimal-Cənub, eyni zamanda, həm də Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq. İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı çox müsbətdir. Son illər ərzində ölkə rəhbərlərinin artıq beşinci görüşü təşkil olunur. Bundan sonra da bu görüşlər olacaq. Bu görüşlərin həm mahiyyət üzrə çox böyük əhəmiyyəti var, həm də xalqlarımıza, bölgəyə və dünyaya ciddi mesajdır”.
Onun sözlərinə görə, ölkə başçılarının İran-Azərbaycan birliyinin, dostluğunun sarsılmazlığını bir daha ifadə etməsi xarici qüvvələrə yönələn bir cavab olaraq bildirildi ki, heç kim bizim aramıza girə bilməz: “Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik”.
//Editor.az