Azərbaycan İranın vasitəçilik təklif etdiyi görüşdə iştirak edəcək?- AÇIQLAMAbackend

Azərbaycan İranın vasitəçilik təklif etdiyi görüşdə iştirak edəcək?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran tərəfindən belə bir təşəbbüsün irəli sürülməsi gözlənilən idi. Çünki son zamanlar cənub qonşumuz bölgədə təklənmiş durumda görünür və buna görə son kozurlarını işə salır. Xarici siyasətdə vəziyyəti gərgindir, daxildə də aylardır ki, baş qaldıran etiraz aksiyaları səngimir”.

Bu fikirləri Editor.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib.

Onun sözlərinə görə,  İkinci Qarabağ Savaşından sonra “3+3” formatı iki qardaş ölkə olan Azərbaycan və Türkiyə tərəfindən irəli sürüləndə bunun reallaşmasına mane olan yeganə ölkə İran görünürdü:

“Hətta rəsmi Tehran bəzi hallarda bu barədə mövqeyini açıq şəkildə ifadə edir, Zəngəzur dəhlizinin açılmasına mane olmaqda israrlı görünürdü. İndi haqlı olaraq bu sual meydana çıxır. Nə baş verdi? İranın “qonaqpərvərlik” hissi birdən-birə bu qədər pik həddə qalxdı ki, indi bölgə dövlətlərini Tehrana toplayır? Özü də nəzərə alaq ki, bu dövlətlərdən Azərbaycanla İran arasında son aylardakı münasibətlər gərginlik dövrünü yaşayır. Daha çox Azərbaycana görə Türkiyə ilə də münasibətlər yaxşı deyil. Gürcüstanla dövlətlərarası əlaqələr də o qədər xoş deyil ki, burada Amerika başda olmaqla, Qərb dünyasının rolu az deyil. Gürcüstanın Avropa xətti ilə getdiyini düşünsək, bu qənaətə gəlmək olar. “3+3” formatında nəzərdə tutulan iki ölkə qalır, Rusiya və Ermənistan. Bu ölkələrlə də İranın münasibətləri məlumdur. Rusiya Ukraynada davam, ya tamam savaşı aparır. Bütün dünyanı qarşısına qalıb. Şimal qonşumuzun forpostu olan Ermənistan isə İkinci Qarabağ Savaşında Azərbaycan tərəfindən darmadağın edilib, hələ də özünə gələ bilmir. Baxmayaraq ki, molla rejiminin rəsmiləri İrəvana ara-sıra səfər etməklə bu dövlətin varlığını göstərməyə cəhdlər edirlər, amma heç nəyə nail ola bilmirlər “.

Siyasi şərhçi qeyd edib ki, Tehran bu təşəbbüsündə diqqətini daha çox Azərbaycan üzərində cəmlədi:

“İran son vaxtlar etdiyi səhvi yaxşı anlayıb, rəsmi Bakı ilə münasibətləri normallaşdırmağa çalışır. Amma İkinci Qarabağ Savaşındakı davranışları və Azərbaycanın qələbəsindən sonra bu günə qədər elə səhvlər edib ki, rəsmi Bakı onlara yerini sona qədər göstərməkdə israrlıdır. İndi molla rejimi bu formatın reallaşmaması üçün göstərdiyi çabaların artıq yetmədiyini görüb, hiylə siyasətinə əl ata bilər. O düşüncəyə gələ bilər ki, onsuz da Zəngəzur dəhlizi açılır, bölgədə “3+3” formatına qarşı çıxan yeganə ölkə halına gəlib, hətta bunun üçün Rusiyanı belə qarşısına bəzi hallarda alır. Yeganə yol gərgin münasibətlərdə olduqları bölgə ölkələrinin rəhbərlərini paytaxtına gətirməkdir. Təsəvvür edək ki, İran rəsmisinin dedikləri reallaşdı, o zaman gərginlik yaşadığı Azərbaycanın XİN rəhbəri Tehrana getməli olacaq, eyni zamanda da, Türkiyə və Gürcüstan xarici işlər nazirləri.. Bu da münasibətlərdəki soyuqluğu aradan qaldırmağa vəsilə ola biləcək görüşlərdən biri ola bilər. Əslində burada qeyri-adi nəsə yoxdur. Ömür boyu iki qonşu ölkə olaraq gərgin yaxud düşmənçilik münasibətlərində olmalı deyilsən ki…Sonunda dövlətlərarası gərginliklər aradan qaldırılmalıdır. Sadəcə indiki şəraitdə ilk olaraq, Azərbaycan rəsmisinin “3+3” formatı ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində olsa belə İrana səfər etməsini doğru saymazdım. Çünki, bizim oradakı səfirliyimizə edilən hücumun əsl kökündə duran səbəblər, çirkin planlar araşdırılıb ortaya çıxarılmayıb. Öncəliklə bu məsələ tam həll olunmalı və bu barədə geniş məlumat verilməlidir. Şəhid verdiyimiz 27 yanvar tarixindəki xain hücumdan sonra ilk səfər İran tərəfindən Azərbaycana edilməlidir. Özü də bu səfər dediyim kimi, hesabat xarakterli olmalıdır”.

Sonda partiya sözçüsü mövzu ilə bağlı bir vacib məqama da toxunub:

“Sözsüz ki, ev sahibliyi təklifi ilə İran bölgənin əsas ölkələrindən biri olduğu görüntüsünü yaratmaq niyyətindədir. Amma burada bir məsələ də var. Məkan kimi niyə də Bakı seçilməsin? Deyə bilərlər ki, Bakıda görüş keçirilsə, o zaman Ermənistanın XİN nazirinin iştirakı mümkünsüzdür. O zaman ermənipərəst mövqelərdən əl çəkilsin, Azərbaycan-Ermənistan arasında sülh sazişi əldə olunsun, problemlər aradan qaldırılsın, gediş-gəliş bərpa olunsun. Nəzərə almaq lazımdır ki, bu formatın yaradılması təklifi İkinci Qarabağ savaşında qalib gələn Azərbaycan və ona bu qələbədə siyasi dəstəyi ilə böyük dayaq olan qardaş Türkiyənin rəhbərləri tərəfindən irəli sürülüb. Ona görə də format ətrafında məkanın seçilməsindən tutmuş digər məsələlərə qədər əsas söz sahibləri bu iki ölkədir. Bunu İran rejimi unutmasın. Onsuzda çox uzun çəkməyən zamanda “3+3” formatı reallaşacaq. Bunu da Tehranda duymamış deyillər. Sadəcə proseslərdən kənarda qalmamaq üçün “yuyulmamış qaşıq” kimi ortaya çıxıblar”.

//Safura Bənnayeva, Editor.az