“Azərbaycan İsrailə dəstək verəcək, ancaq…”-TƏHLİLbackend

“Azərbaycan İsrailə dəstək verəcək, ancaq…”-TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“1979-cu il İran İslam İnqilabından sonra iranla İsrail arasında münasibətlər heç zaman normal olmayıb. Ölkələr dəfələrlə müharibə astanasında olublar və hər dəfə ya digər ölkələrin səyi, yaxud özlərinin son addımı atmaqdan qaçmağa cürət tapmaları nəticəsində müharibədən qaçmaq mümkün olub. Amma son aylar bu iki ölkə arasında və ümumiyyətlə, Yaxın Şərq regionunda cərəyan edən hadisələr bu dəfə uzun düşmənçilik tarixinə malik olan ölkələr arasında birbaşa müharibədən qaçmağın mümkün olmayacağı təəssüratı yaradır”.

Bu fikirləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, həm regionda mövcud olan dövlətlər, həm də beynəlxalq münasibətlərin qlobal aktorları İran-İsrail arasında müharibənin hər gün baş verəcəyini düşünür və həm də olası müharibə ilə bağlı son hazırlıqlarını tamamlayırlar:

” Azərbaycan da həm İranın qonşusu, həm də İsrailin strateji müttəfiqi kimi, baş verə biləcək müharibə ilə bağlı ciddi narahatlıq keçirir. Böyüklüyündən və kiçikliyindən asılı olmayaraq qonşuluqda baş verən istənilən müharibə istənilən ölkəni ciddi sınaqlar qarşısında qoyur. Bu gün Azərbaycan mövcud olduğu tarix boyu belə sınaqlardan ən böyüyünü yaşayır. Bir tərəfdən İranda 40 milyona yaxın soydaşımızın yaşayır, digər tərəfdən İsrail isə Azərbaycanın barmaqla sayılası strateji müttəfiqlərindən biridir. O, ikinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycanın silah və hərbi tesursa təchizatında mühüm rol oynamışdır.  Belə olan surətdə İranla İsrail arasında müharibə baş verərsə, Azərbaycanın kimin tərəfini saxlayacağı və yaxud kimin yanında olacağı ciddi maraq doğurur. Hesab edirəm ki, Azərbaycan İsrailin Qarabağ müharibəsi zamanı Azərbaycana verdiyi dəstəyi unutmadığını sübut etmək imkanı qazanacaq. Azərbaycan heç şübhəsiz əlində olan imkanlardan istifadə etməklə İsrailə dəstək verəcək. Eyni zamanda, İranda yaşayan soydaşlarımızın olası müharibədən ziyan çəkməmələri də diqqət mərkəzində olacaq və İranda soydaşlarımız arasında  baş verə biləcək humanitar problemlərin aradan qaldırılması, onlara maddi və mənəvi yardımın göstərilməsi istiqamətində bütün imkanlarından istifadə edəcək. Azərbaycan 44 günlük müharibə zamanı həm İranın, həm də İsrailin Azərbaycana münasibətlərinə adekvat münasibət sərgiləyəcək”.

//Gülnarə Abasova, Editor.az