Ötən gün Rusiya hərbçiləri Ermənistanın Qazaxla sərhəd olan Voskepar kəndinə yerləşdirilib. Bu isə özlüyündə həm Azərbaycan, həm də Ermənistanda geniş müzakirələrə yol açıb. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədboyu ərazilərə rus qoşunlarının yerləşdirilməsi təklifi ilə bir müddət əvvəl çıxış etsə də, bu prosesin icrası, əsasən, Laçın və Kəlbəcər istiqamətində nəzərdə tutulurdu.
Lakin bu gün biz düşmənin rus hərbçilərini 90-cı illərin əvvəllərində yeddi kəndi işğal edilən Qazax rayonu ilə sərhədə yerləşdirdiyini görürük. Hazırda belə bir ehtimal var ki, ruslar Qazaxın yeddi kəndini boşaldıb Azərbaycana təhvil vermək istəyirlər, məhz ona görə belə bir addım atılıb. Hətta erməni hərbi ekspertləri arasında da bu fikri səsləndirənlər var.
Sərhəddəki mövcud durumu Yenisabah.az-a şərh edən ehtiyatda olan mayor Ədalət Verdiyev bildirib ki, rusların Ermənistan sərhədlərində görülməsi ilk dəfə deyil:
“Rusların Ermənistanın həm Türkiyə, həm İran, həm də Azərbaycanla sərhəd olan bəzi hissələrdə fəaliyyət göstərməsi ilk dəfə deyil. Hətta Ermənistanın mərkəzindəki hava limanını belə Rusiya əsgərləri qoruyur. Düzü, Ermənistan öz ərazisində istədiyi ölkənin qoşununu yerləşdirə bilər. Bu bizim üçün o qədər də böyük məna kəsb etmir.
Təəccüblü olan odur ki, Rusiya Ermənistanın demarkasiya və delimitasiya müddətini uzatmasına hələ də səssiz qalır. Halbuki Azərbaycan tərəfi bu proseslərin qısa zamanda başa çatması üçün dəfələrlə təkliflərini səsləndirib”.
Hərbi ekspert hesab edir ki, sərhədlərin delimitasiyası məsələsində Azərbaycan artıq bəlli bir vaxt məhdudiyyətinin olduğunu Ermənistana bildirməlidir:
“Azərbaycanın Ermənistanla sərhədlərinin təyin olunması prosesi zamanı işğal altında olan Qazax kəndlərinin də Azərbaycana qaytarılması bizim hamımızın səbrsizliklə gözlədiyi hadisədir. Lakin təəssüflər olsun ki, Ermənistan müxtəlif vasitələrlə prosesləri bir qədər də uzatmaq istəyir, hətta, bəlkə də, payız, qış mövsümünün gəlməsi ilə prosesin gələn ilə saxlanılmasının şahidi olacağıq.
Ermənistan əgər birgə bəyanatın şərtlərini yerinə yetirməkdən imtina edərsə, Azərbaycan da bu bəyanatın şərtlərindən imtina edə bilər. Fikrimcə, bunu rəsmi səviyyədə səsləndirməyin zamanı gəlib çatıb. Ermənistan delimitasiyadan boyun qaçırırsa, o zaman biz də öz öhdəliklərimizi yerinə yetirmirik. Məsələn, Laçın dəhlizini qapadırıq. Zəngəzur dəhlizi açıq deyilsə, Laçın dəhlizi niyə açıq olsun ki?
Əgər Xankəndidə biz erməninin qayıtmasına imkan veririksə, niyə azərbaycanlılar Qazaxın işğal altında olan kəndlərinə-öz ata-baba yurdlarına qayıtmır? Artıq kifayət qədər müddət keçib ki, Ermənistan özünə gəlsin və onun üçün nə qədər ağır olsa da, birgə imzaladığı bəyanatın şərtlərini yerinə yetirsin. Əks halda biz də bəyanatdan imtina edərik və həmin əraziləri çox qısa zamanda bərpa edərik. Bizim üçün heç bir problem yoxdur”.
Yenisabah


