“Azərbaycan layiqli cavab verdiyi üçün Ermənistan özünümüdafiə məqsədilə Qərbə üz tutur”-Politoloqbackend

“Azərbaycan layiqli cavab verdiyi üçün Ermənistan özünümüdafiə məqsədilə Qərbə üz tutur”-Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumdur ki, son günlərdə ABŞ-ın orbitinə daxil olmağa can atan Ermənistan bu ölkədən silah alışına cəhd edir. Erməni diaspor və lobbisi də bununla bağlı aktiv fəaliyyətə keçib. ABŞ Erməni Milli Komitəsi bu fonda belə bir məlumat paylaşıb ki, ABŞ Ermənistana silah satmağı nəzərdən keçirir.

Bu hal ABŞ Konqresinin sədri Nensi Pelosinin Ermənistana səfəri və orada reallıqlardan kənar açıqlamaları fonunda gündəmə gəlib.

Qeyd edək ki, ABŞ Konqresində 1992-ci ildə “Azadlığın dəstəklənməsi Aktı”na 907-ci düzəliş edilib. Bu düzəliş Azərbaycan və Ermənistana hücum xarakterli silahların satışını yasaqlayır.

Amma bununla yanaşı ABŞ-ın Ermənistana silah satması məsələsini müzakirə etməsi böyük əks-səda yaradıb. Cənubi Qafqazı müharibə meydanına çevirmək kimlər üçün maraqlıdır?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Elçin Mirzəbəyli bildirib ki, Amerika Birləşmiş Ştatları Azərbaycan torpaqları işğal altında olduğu və azad edildiyi vaxtda da müxtəlif yollarla silah tədarükünə çalışıb:

“Bu silahlar isə Birləşmiş Ştatlarda istehsal olunan silahlar deyil, post-Sovet məkanında istehsal olunan bir sıra silahların, o cümlədən Şərqi Avropa silahlarının çatdırılmasına səy göstərilir. İndiki şəraitdə ABŞ-ın Ermənistanı silahla təchiz etməsi məsələsi real deyil.  Tədarük prosesini həyata keçirməyə müəyyən vasitələr yoxdur. Digər tərəfdən Ermənistan kollektiv təhlükəsizlik təşkilatının üzvüdür. Belə olan halda da Ermənistanın Amerika tərəfindən silahlanması imkansızdır. Bu sadəcə Ermənistanın apardığı təbliğatdır. Son dövrlərdə Ermənistanın Azərbaycan sərhədində törətdiyi təxribatlara Azərbaycan tərəfindən layiqli cavab verildikdən sonra, özünü müdafiyə üçün silaha ehtiyac duyduğunu önə çəkərək Qərb tərəfindən silahlandırılması üçün müvafiq müraciət edirlər. Məsələyə bu konsepsiyadan yanaşmaq lazımdır. Amma indiki şəraitdə ABŞ-ın  Ermənistana silah satması üçün mümkün imkanları yoxdur”.

//Safura Bənnayeva, Editor.az