Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündə çıxışı zamanı bir sıra mühüm mesajlar verib. Dövlət başçısı həmçinin Fransa ilə münasibətlər barədə də danışıb. O deyib ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır. Əslində bu, çoxlarına, daha dəqiq desək, həqiqəti görən hər kəsə məlumdur.
Rəsmi Paris Cənubi Qafqazdakı sülhdə maraqlı deyil. Əgər belə olsa idi, Fransa 30 il ərzində ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz öhdəliklərini yerinə yetirər, regional sabitliyə töhfə verməyə çalışardı.
İkincisi, Fransa Avropa İttifaqının (Aİ) sədri olduğu müddət ərzində Brüsselin vasitəçilik səylərinə töhfə vermədi. Əksinə, proseslər göstərdi ki, Fransa “suları bulandırmaqla” Aİ-nin səylərinin qarşısını aldı. Parislə İrəvanın münasibətləri məlumdur. Fransa Prezidenti Emmanuel Makronun Ermənistan baş naziri Nikol Paşinyanın təxribatçılıq siyasətini dəstəklədiyi, demək olar, kimsəyə sirr deyil.
Dünyaya demokratiyadan dərs keçməyə çalışan Fransa terrorçuları dəstəkləməklə əslində özü-özünü ifşa edir, nə qədər qeyri-səmimi olduğunu göstərir. Dövlət başçımız çıxışında bu məsələyə çox konkret qiymət verdi. O bildirdi ki, Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, kifayət qədər konkret mövqe olmaqla yanaşı, həm də rəsmi Parisin iç üzünün açılması demək idi. Prezident İlham Əliyev Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb. Düşünürəm ki, ən azı bu addım atılanadək Fransa demokratiyadan danışmamalıdır. Ölkə rəhbərinin çıxışı zamanı toxunduğu başqa bir məqam Fransanın erməni əsilli milli azlıqlara münasibəti idi. Prezident qeyd etdi ki, Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Məgər Makron bilmir ki, erməni əsilli milli azlıqlar bizim daxili işinizdir? Elə isə niyə daxili işimizə qarışır? Cavab aydındır: məkr.
Əlbəttə, Fransa bu cür qeyri – adekvat hərəkətlərini ilə özünü gözdən salır. Necə deyərlər, nə edirsə, özünə edir. Fransada davam edən iğtişaşlar da göstərir ki, hətta yerli xalq belə, hakimiyyətdən narazıdır. Azərbaycan rəhbəri İlham Əliyev öz çıxışında bütün bunlara toxundu. Ümid edək ki, Makron dünyanın sayılıb – seçilən siyasi liderlərindən olan İlham Əliyevin dediklərindən nəticə çıxaracaq.
//Kənan Novruzov, Editor.az

