“Macarıstan Azərbaycan Avropa İttifaqına üzv dövləti olaraq özünün müstəqil siyasətini yürüdən nadir ölkədir. Baş nazir Viktor Orbanın ölkənin milli maraqlarına söykənmiş prinsipial mövqeyi Avropa liderlərin xoşuna gəlmir. Hətta Avropa İttifaqına müddətli sədrlik etdiyi dövürdə də təzyiqlərə baxmayaraq Moskvaya səfər etmişdi. O cümlədən Rusiyaya tətbiq olunmuş sanksiyalara da qoşulmamağa çalışır və müharibənin tez bitməsi üçün əlindən gələni edir”.
Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, Macarıstan Avropa İttifaqının yeganə ölkəsidir ki, öz türk kökənliyinə hörmətlə yanaşır və Türk Dövlətləri Təşkilatında müşahidəçi ölkə statusunda böyük töhfələr verir:
“Həm də Azərbaycandan sonra TDT Dövlət başçılarının 2-ci qeyri-rəsmi Sammitinə ev sahibliyi edir. Təbii ki, Viktor Orbanın bu hərəkətləri Avropanın bəzi liderlərinin xoşuna gəlmir. Hətta Viktor Orban dövlət başçımızla keçirdiyi birgə mətbuat konfransında Avropa İttifaqınının iqtisadiyyatını kompasını itirmiş gəmiyə bənzətdi. Amma Viktor Orban Macarıstanın milli maraqlarını hər şeydən üstün tutaraq bu burulğanlı dünyada özünün müstəqil müəyyən etdiyi kursla hərəkətinə davam edir. Dövlət Başçımız Viktor Orbanın bu qətiyyətli addımlarını yüksək dəyərləndirir və Macarıstanın baş nazirinin ölkənin daxili və xarici siyasətindəki güclü mövqeyinin əhəmiyyətini xüsusilə vurğulayır”.
Millət vəkili bildirib ki, Azərbaycan və Macarıstanın oxşarlığı çoxdur:
“Dövlət başçıların qeyd etdiyi kimi ölkələrimizin ərazisi və əhalisi təxminən eynidir. O cümlədən Azərbaycan və Macarıstanın qonşuluğunda müharibə gedir. Azərbaycan Asiya ilə Avropa arasında körpü yaradırsa, Macarıstan isə TDT ilə Avropa İttifaqı arasında körpüdür. Oxşar cəhətlərimiz əməkdaşlığımızın dərinləşdirilməsini ehtiva edir. Belə ki, keçən ildən başlayaraq Azərbaycan Macarıstana qaz ixrac etməyə başlamışdır. Macarıstanın enerji şirkətləri ölkəmizin neft-qaz sektorundan fəaliyyət göstərir və quruda da fəaliyyətə başlanması nəzərdə tutulur. Macarıstanın dəstəyilə ölkəmizdə dərman istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, Azərbaycan Macarıstan əlaqələri qarşılıqlı hörmət və fayda əsasında ən yüksək səviyyədə özünün inkişaf dövrünü yaşayır”.
//Gülnarə Abasova, Editor.az