Azərbaycan nefti niyə ucuzlaşıb? -Deputatdan AÇIQLAMAbackend

Azərbaycan nefti niyə ucuzlaşıb? –Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,07 ABŞ dolları, yaxud 4,1 % azalaraq 95,60 ABŞ dolları təşkil edib.Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 94,18 ABŞ dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir.

Dünya bazarında Azərbaycan neftinin qiymətinin ucuzlaşmasının səbəbi nədir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məvlisin deputatı Vüqar Bayramov bildirib ki, neftin qiymət dəyişimində yalnız iqtisadi faktorların deyil, eyni zamanda siyasi amillərin də təsiri var:

“Azərbaycan neftinin qiyməti dünya bazarında neftin birjalardakı qiymətinə uyğun müəyyənləşir. Neftimizin qiyməti daha çox “Brent” markalı neftin qiymətinə uyğundur. Əksər hallarda isə “Brent” markalı neftin qiymətindən nisbətən baha olur. Son zamanlarda qlobal tələbatın azalması ilə əlaqədar dünya bazarında neftin qiymətində azalmalar var idi. Uzun müddət neftin qiyməti hər barel üçün 100 dollardan yüksək təklif olunurdu. Hazırda isə “Brent” markalı neftin qiyməti 1 barel üçün 94 dollar təklif olunur”.

Vüqar Bayramov qeyd edir ki, qiymət azalmaların birinci səbəbi tələbatın azalması ilə əlaqədardır:

“İkincisi isə böyük yeddilik ölkələrinin Rusiya neftinin alternativlərinin axtarılması və praktiki olaraq neft hasilatının yüksəlməsi ilə bağlı fəaliyyətin davam etdirməsi ilə bağlıdır. Nəticədə həm neft hasilatında artımlar var, həm də “COVİD-19” virusu səbəbi ilə Çində neftə olan tələbin azalması müşahidə olunur. Hələlik neftin qiymətində kəskin azalmalar müşahidə olunmur. Bunun siyasi səbəbləri var və növbəti dövrdə də bu məsələdə siyasi faktorlar aktiv rol alacaq. Amma hələ ki Azərbaycanda neftin qiymətində bir o qədər azalmanın olduğunu demək olmaz. Azərbaycan neftinin qiyməti 95 dollardan baha satılır. Növbəti dövr üçün neftin qiyməti dünya bazarına uyğun olaraq müəyyənləşəcək. Dünya bazarında neftin qiymətində kəskin azalmalar olmayacaq, amma əvvəlki kəskin qiymət artımlarının yenidən təkrarlanacağı da real görsənmir”.
 
//Safura Bənnayeva, Editor.az