Azərbaycan Ordusu gücləndirilir: Yeni hərbi kadrlar belə hazırlanacaq – DETALLARbackend

Azərbaycan Ordusu gücləndirilir: Yeni hərbi kadrlar belə hazırlanacaq – DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıb. Bu barədə Nazirlər Kabineti qərar verib. 

Qərara əsasən, Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri təsdiq edilib.

Hər üç kollec hərbi sahədə orta ixtisas təhsilli mütəxəssislərin hazırlanmasını həyata keçirəcək.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, kolleclərin yaradılması peşəkar kiçik komandir heyətinin formalaşdırılması baxımından olduqca vacibdir:

“Milli Müdafiə Universitetinin tabeliyində hərbi kolleclərin yaradılması müsbət addımdır. Bu kolleclərin yaradılması ordumuzun peşəkar kiçik komandir heyəti ilə komplektləşdirilməsində kifayət qədər müsbət rol oynayacaq. Eyni zamanda, həmin kolleclərin yaradılması Azərbaycan ordusunun ümumi döyüş potensialına gələcəkdə öz müsbət töhfələrini verəcək”.

Ehtiyatda olan polkovnik Elxan Şıxəliyev kolleclərdə müxtəlif hərbi ixtisaslarla bağlı kadrların hazırlanacağını qeyd edib:

“Hərbi kolleclərin yaradılması Milli Müdafiə Universitetinin nəzdində həyata keçirilir. Təbii ki, bu ilkin mərhələdə bütün silahlı qüvvələrimizin kadr potensialının müəyyən edilməsi üçün nəzərdə tutulub. Gələcəkdə özünü təhlükəsizlik qurumlarında mütəxəssis görmək istəyən gənclər bu kolleclərdə oxuyub, daha sonra liseylərdə keçid edə biləcəklər.

Liseyi bitirdikdən sonra isə hərbi mütəxəssis kimi silahlı qüvvələrdə xidmət edəcəklər. Buna görə də Azərbaycan Silahlı Qüvvələrinin ilkin mərhələdə ehtiyaclarının müəyyən olunması baxımından kolleclər çox mühüm rol oynayacaq. Çünki bir mərhələdən sonra onlar özləri qərar verəcəklər ki, hərbi strukturlarda ali təhsili davam etdirəcək və yaxud ali hərbi təhsildən vaz keçib mülki sahədə fəaliyyətlərini davam edəcəklər.

Bu baxımdan düşünürəm ki, bu kollecləri bitirənlər liseylərə keçid etmədən belə kiçik mütəxəssislər olaraq, silahlı qüvvələrdə xidmət edə biləcəklər. Kolleclərin yarıdılması kadr potensialının müəyyən edilib formalaşdırılmasında və ixtisaslaşdırılmasında mühüm rol oynayacaq”.