“Bu parad bütün paradlardan fərqlənir”.
Bunu Milli.Az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, 10 dekabr Zəfər paradı həm də güc nümayişi idi:
“Zəfər paradına kimi Azərbaycan xalqı böyük bir yol keçdi. Biz bütün varlığımızla bu Zəfər paradını arzulayırdıq və əməllərimizlə həmin günü yaxınlaşdırırdıq. Bu qələbə məhz bütün xalqın qələbəsidir bə bütün xalqın qələbəsi də bu paradda dünyaya nümayiş etdirildi.
Zəfər paradının tarixi əhəmiyyəti həddindən artıq böyükdür. Yəni nə qədər qələbə, zəfər qazanmağımız əhəmiyyətlidir, bu Zəfər paradı da bizim üçün o qədər əhəmiyyətlidir. Çünki digər paradlardan fərqli olaraq biz bu paradda bizim Qələbəmizi qeyd etmişik. 30 il işğal altında olan torpaqlarımızı məhz bu paradda iştirak edən Silahlı Qüvvələrin fədakarlığı ilə qazanmışıq.
Zəfər paradı həm xalq-ordu birliyinin nümayişidir, həm bizim gücümüzün nümayişidir, həm də digərlərin fərqli olaraq bu paradda düşmənin başını Dəmir Yumruğu ilə əzən, düşməni darmadağın edən Azərbaycan Ordusunun şəxsi heyyəti iştirak edirdi. Bu parad bir daha göstərdi ki, Azərbaycanın dəmir yumruğu hər an Vətənimizi qorumağa, istənilən təcavüzün qarşısını almağa hazırdır.

Bu, həm də güc nümayişi idi. 10 dekabr paradının əhəmiyyəti bir də ondan ibarətdir ki, Azərbaycan bu regionda işğalçı qüvvələri darmadağın etməklə məhz beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan, ancaq yerinə yetirilməyən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirərək haqq işinin bərqərar edilməsi, bu regionda sülhü təmin edərək bundan sonra da Dəmir yumruğumuz onu qorumaq üçün, eyni zamanda o sülhü pozmağa cəhd edən qüvvələrə qarşı olan bir Ordunun parad nümayişi idi.
Azərbaycan bu paradda həm də Dəmir yumruğunun gücünü göstərən əzilmiş, dağıdılmış düşmən texnikasını nümayiş etdirdi. Göstərdik ki, bizə düşmənçilik elan edən, torpaqlarımıza gözdikənin hərbi texnikasını hansı vəziyyətə gətirib çıxarda bilirik. Bunlar hamısı bizim qürurumuzdur. Azərbaycanın Zəfər paradını keçirməsi bir daha bütün dünyaya Azərbaycanın nə qədər böyük, güclü xalq olduğunu, Ordusunun Müzəffər Ordu olduğunu göstərdi”.

