“Azərbaycan Ordusu tam şəkildə Türkiyə modelinə uyğunlaşır”- ŞƏRHbackend

“Azərbaycan Ordusu tam şəkildə Türkiyə modelinə uyğunlaşır”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Ordusu Sovet sistemində yetişən, hərbi məktəblərində təhsil alan zabitlər tərəfindən yaradılmışdı. İlk Müdafiə nazirlərimiz də Sovet Ali məktəblərində təhsil almış yüksək rütbəli generallar və zabitlərdir. Orduda hər şey o sistem ətrafında formalaşmışdı”.

Bu fikirləri Editor.az-a siyasi şərhçi Abutalıb Səmədov Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında səsləndirdiyi “bu il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir. Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək”,- fikirlərinə münasibət bildirərkən deyib.

O zaman keçdikcə Sovet ordu sisteminin o qədər də səmərəli olmadığının üzə çıxdığını deyib:

“Həmin sistem daha mükəmməl olan NATO standartlarına bir çox parametrlərinə görə uduzub. Bu gün Ukraynada gedən müharibə də göstərir ki, dünyanın ikinci hərbi gücü olmasına baxmayaraq rus ordusu çox ciddi çətinliklərlə üzləşir. Rəsmi Kiyevdə hərbi əməliyyatlar başlayanda Rusiya Ordusu dünyanın 2, Ukrayna isə 25-ci ordusu hesab edilirdi. İndi isə təbii ki, Ukrayna xeyli irəliləyib və dünyanın 10 ən güclü ordusu sırasına çox yaxınlaşıb. Bu gün həmin ordu NATO standartlarına uyğunlaşaraq yenidən qurulur. NATO mütəxəssisləri Ukrayna hərbiçilərini yetişdirirlər “.

Siyasi şərhçi qeyd edib ki, Türkiyə NATO-nun aparıcı dövlətlərindən biridir:

“Bu gün Türkiyə Ordusu dünyanın 11-ci ən güclü ordusudur. İkinci Qarabağ müharibəsi də göstərdi ki, Azərbaycan Ordusunun NATO standartlarına görə yenidən qurulması onun gücünü xeyli artırmış, döyüş qabiliyyətini yüksəltmişdir. Xüsusi Təyinatlıların Türkiyədə təlim keçməsi Azərbaycan Ordusunun gücünü xeyli artırdı. Bu gün ordumuzda yüksək vəzifələrdə olan zabitlər içərisində rəsmi Ankarada təhsil almış hərbiçilər kifayət qədərdir”.

A.Səmədovun sözlərinə görə, Azərbaycan prezidenti bir neçə dəfə ordumuzun Türkiyə modeli əsasında yenidən qurulacağını bəyan edib: “Bu istiqamətdə məqsədyönlü iş gedir. Birgə təlimlərin keçirilməsi, Azərbaycan hərbiçilərinin Türkiyədə təkmilləşmə kursları keçməsi bu istiqamətdə atılan mühüm addımlardır. Lakin rəsmi Bakı hələ tamamilə köhnə sistemdən azad olmayıb. Bu proses gedir. Diqqəti ən çox cəlb edən isə hərbiçilərin yetişdirilməsi, onların döyüş hazırlığı, Xüsusi Təyinatlıların Türkiyə modeli əsasında təlim görməsi məsələlərdir”.

//Safura Bənnayeva, Editor.az