“2020-ci ilin 10 noyabr bəyanatından sonra sülh sazişinin imzalanması istiqamətində Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirsə də Ermənistan bu şərtlərə əməl etmədi. Müxtəlif təxribatlarla, ayrı-ayrı dövlətləri, təşkilatları məsələyə cəlb etməklə prosesin mümkün qədər uzadılmasına çalışır”.
Bu fikirləri Editor.az-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev qeyd etmişdi ki, bu məsələdə Ermənistan üçün tarixi şans yaranıb: “30 il müddətində Azərbaycana qarşı təcavüzkar siyasət yürütməsi özünün bütün istiqamətlərdə blokadaya alınmasına səbəb oldu. Azərbaycanın Ermənistana mövqeyi daim açıq formadadır. Regionda sülhün, təhlükəsizliyin tərəfdarı olub. Bu da bütün ölkələrdə olduğu kimi, ərazi bütövlüyünün qorunmasından keçir. Azərbaycan və Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə 3, ümumilikdə isə 4 görüş keçirilib. Ən sonda 31 oktyabrda Soçi görüşü baş tutub. Burada Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən həm BMT nizamnamələri çərçivəsində, həm də Sovetlərin süqutundan sonra imzalanmış Alma-Ata bəyannaməsinə uyğun olaraq qəbul edilib. Bu razılaşma yalnız sözdə qalmamalı, reallaşdırlımalıdır”.
Xəyal Bəşirov qeyd edir ki, dünya tarixində belə hallar olub, müharibə bitdikdən sonra sülh sazişinin imzalanması hətta 10 il çəkib:
“Sülh sazişinin imzalanması regionda iqtisadi, enerji layihələrinin və digər proseslərin reallaşması baxımından vacibdir. Bu ilin sona çatmasına az qalıb. 31 avqustda Brüsseldə keçirilmiş görüşdə növbəti görüşün noyabr ayında baş tutması ilə bağlı razılıq əldə edilmişdi. Buna görə də hadisələrlə bağlı dəqiq fikir bildirmək mümkün deyil. Ermənistanın əməlləri sülh sazişinin imzalanması istiqamətində deyil. Bu da bizdə pesimist fikir formalaşdırır ki, Ermənistan hələ də buna hazır deyil. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, sülh sazişinin imzalanması üçün qatar artıq gedir və Ermənistanın da buna çatmaq imkanı var. Azərbaycan geniş miqyaslı quruculuq işlərini sürətlə həyata keçirir. Bizim və qarşı tərəfin mövqeyi bəllidir. Bundan sonra baş verəcək neqativ halların məsuliyyəti Ermənistanın üzərindədir”.
//Safura Bənnayeva, Editor.az

