“Azərbaycan-Özbəkistan əlaqələri tarixi köklərə əsaslanmaqla son illər özünün ən yüksək inkişaf dövrünü yaşayır”-ŞƏRHbackend

“Azərbaycan-Özbəkistan əlaqələri tarixi köklərə əsaslanmaqla son illər özünün ən yüksək inkişaf dövrünü yaşayır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan-Özbəkistan əlaqələri tarixi köklərə əsaslanmaqla son illər özünün ən yüksək inkişaf dövrünü yaşayır. Azərbaycanlılar və özbəkləri eyni soykök, oxşar mədəniyyət və dil birləşdirir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, son 50 ildə bu əlaqələrin möhkəmlənməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır:

“Eynisoyköklü xalqların bir-birinə yaxınlaşmağa imkan verilmədiyi Sovet dövründə Ümummilli Liderin təşəbbüsü ilə pambıqçılıq sahəsində əməkdaşlıq, təcrübənin bölüşməsi adı altında mədəniyyət və tarixi münasibətlərin inkişaf etdirilməsi qorunub saxlanmışdır. Müstəqillik illərində də Heydər Əliyev və İslam Kərimovun şəxsində Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin inkişafına yeni impuls verilmişdir. Azərbaycan və Özbəkistan bir-birinin müstəqilliyini tanımaqla 1995-ci ildən diplomatik əlaqələr qurmağa başlayıb. Azərbaycanla dostluğa sadiqliyin göstəricisidir ki, Özbəkistan Ermənistanda səfirlik açmamış, diplomatik müstəvidə əlaqələrin inkişaf etdirməmişdir. Bu gün ölkələrimiz arası münasibətlər Prezidentlər İlham Əliyev və Şövkət Mirzoyeyev arasındakı şəxsi dostluq münasibətləri üzərində daha da inkişaf edir və möhkəmlənir. Son illər prezidentlərin qarşılıqlı səfərləri və bu səfərlər çərçivəsində imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın hərtərəfli inkişafını sürətləndirmişdir. Azərbaycanla Özbəkistan münasibətlər yüksək səviyyədə imzalanmış 160-dan çox hüquqi sənədlə möhkəmlənir və Özbəkistan Prezidentinin ölkəmizə səfəri çərçivəsində imzalanan Ali Dövlətlərarası Şurasının yaradılması ilə bağlı sazişlə əməkdaşlıq çərçivəsini genişləndirilir”.

A. Badamov qeyd edib ki, Özbəkistan Prezidenti Şövkət Mirzoyeyevin yenidən prezident seçilməsindən sonra ilk rəsmi dövlət səfəri çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə getməsi, Füzulidə məktəb binasının açılışında iştirakı yüksək dostluğun bariz nümunəsidir:

“Füzulidə tikilən bu məktəb xarici dövlətin maliyyə dəstəyi ilə icra olunan ilk layihə olmaqla yanaşı ölkələrimiz arasında dostluğun simvolu olacaq. Prezidentlərin Şuşaya səfəri və işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və abadlıq işləri ilə yaxından tanış olması, O cümlədən mədəniyyət paytaxtımız olan Şuşaya səfər bir-birimizə doğmalığın göstəricidir. Azərbaycan və Özbəkistan nəinki ikitərəfli münasibətlərini yüksək səviyyədə inkişaf etdirir, həm də ölkələrimiz beynəlxalq platformalarda bir-birinin mövqeyini yüksək səviyyədə dəstəkləyir. O cümlədən, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini açıq şəkildə bəyan etmiş, torpaqlarımız işğaldan azad edəndə xalqımızı təbrik edərək bizimlə sevincimizi bölüşən ilk ölkələrdən olmuşdur. Bu gün ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi imzalanmış hüquqi sənədlərlə möhkəmlənməklə yanaşı mədəniyyət və tariximizi özündə əks etdirən müxtəlif ictimai-mədəni tədbirlərlə xalqlarımızı bir-birinə daha da yaxınlaşır. Müasir dünyada xalqlar və dövlətlər arası münasibətlərin qorunub saxlanması və inkişaf etdirilməsi heç də asan məsələ deyil. Amma Prezidentlər İlham Əliyevin və Şövkət Mirzoyeyevin siyasi iradəsi ilə ölkələrimizin bir-birinin yanında olması və münasibətlərin qardaşlıq müstəvisinə keçməsi dünya ölkələri üçün bir nümunədir”.

//Gülnarə Abasova, Editor.az