Azərbaycan Prezidenti EFE agentliyinə müsahibəsində həqiqətləri bir daha dünya ictimaiyyətinə çatdırdıbackend

Azərbaycan Prezidenti EFE agentliyinə müsahibəsində həqiqətləri bir daha dünya ictimaiyyətinə çatdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir…”.
Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində səsləndirib.
Milli Məclisin deputatı, professor Jalə Əliyevə müsahibə ilə bağlı fikirləri AZƏRTAC-la bölüşüb. O deyib: “Vətən müharibəsi başlayandan ötən 40 gün ərzində artıq sayını-hesabını itirdiyimiz növbəti möhtəşəm müsahibə…Mənfur, quduz düşmənə, onun havadarlarına, feyk xəbər istehsalçılarına, anti-Azərbaycan, antitürk ermənipərəst qüvvələrə verilən növbəti dərs, vurulan növbəti tərs sillə…Həqiqətin gözünə dik baxma, heç nədən çəkinməmə, yalanlar, iftiralar, qarayaxmalar üzərinə tutarlı, məntiqli, sərrast, daşdankeçən arqumentlərlə getmə. Bunu yalnız İlham Əliyev məntiqi, fəhmi, cəsarəti edə bilərdi və etdi.
Cəbhədəki qələbələrin bağlayıcı, tamamlayıcı davamı. Həm döyüş sahəsində, həm siyasət, diplomatiya və informasiya meydanında sarsıdıcı, məhvedici zərbə.
“İşğal olunmuş rayonlardan 5-dən 4-ü artıq ya tamamilə, ya da qismən azad edilib. Bu gün biz işğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik” dedi Müzəffər Ali Baş Komandan. Prezident əlavə etdi ki, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik və artıq əsas prinsiplərin bir hissəsini yerinə yetirmişik. Çünki ATƏT-in Minsk qrupu tərəfindən təklif olunan həll üçün əsas prinsiplər faktiki olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını tələb edirdi. Ancaq əfsuslar olsun ki, Ermənistan könüllü şəkildə bunu etmək istəmirdi, ona görə də biz onları bunu etməyə məcbur etməli olduq.
Ali Baş Komandan onu da bildirdi ki, müharibə bəlkə bir ay əvvəl bitərdi. Ancaq düşmən tərəfin təcavüzkarlıq siyasətindən əl çəkməməsi bunu mümkünsüz etdi. Bununla belə, əgər düşmən ölkə müharibənin bitməsində maraqlıdırsa, o zaman Ermənistan tərəfdən kompromis çox dəqiq olmalıdır. Hələ də işğal altında olan Ağdam rayonunun bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli təqdim edilməlidir, özü də Ermənistanın baş naziri bunu şəxsən bəyan etməlidir.
Lakin Prezidentin də əlavə etdiyi kimi, onlar nəinki bizə vaxt cədvəli vermirlər, onlar həmin əraziləri boşaldacaqlarını demirlər. Sentyabrın 27-dən bu yana bütün bu vaxt ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi ərazilərin boşaldılacağı barədə heç vaxt heç nə deməyib. Belə olan halda, onlar 7 rayonun qaytarılmasını təmin etmək üçün bu prinsipləri işləyib hazırlamış Minsk qrupunun həmsədrlərinə faktiki olaraq hörmətsizlik nümayiş etdirirlər və daha çox eskalasiyaya gətirib çıxarırlar. Beləliklə, biz Ermənistanın baş nazirinin Kəlbəcər, Laçın və Ağdamın qalan hissəsini boşaldacaqlarını açıq şəkildə deməsini gözləyirik…
Müsahibə zamanı daha bir əsassız məlumat – muzdlu məsələsi ilə bağlı suala verilən güllə kimi sərrast cavab: “Mən bu ittihamlara, bu əsassız ittihamlara dəfələrlə cavab vermişəm. Səmimi desəm, təəssüflənirəm ki, bitərəf olmalı, onlara ATƏT tərəfindən verilmiş mandata əsasən hərəkət etməli olan ölkələrin yüksək səviyyəli rəsmiləri təsdiqini tapmamış bu əsassız dırnaqarası “informasiya”dan və şayiələrdən istifadə edirlər. Bu, birincisi. İkincisi, bizdə heç bir muzdlu yoxdur. Mən bu haqda dəfələrlə demişəm. Bizim onlara ehtiyacımız yoxdur.
Bizim 100 min döyüşçüdən ibarət ordumuz var, biz tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox toplaya bilərik. Lakin biz Ermənistandan fərqli olaraq bunu etmirik. Bizim tərəfimizdə hər hansı bir əcnəbi döyüşçünün vuruşması ilə bağlı heç bir sübut yoxdur. Bu bir aydan çox müddət ərzində bizə heç bir sübut, heç bir sənəd, heç bir dəlil təqdim edilməmişdir. Yalnız bəyanatlar. Bəs, onda nə üçün onlar Ermənistan tərəfində baş verənləri, Ermənistan tərəfindən neçə muzdlunun döyüşdüyünü görmürlər? Nə üçün bizi ittiham etməyə çalışan nə Rusiya, nə də Fransa bunun haqqında heç nə deməyib?”.
Dövlətimizin başçısından daha bir sərt mesaj və xəbərdarlıq: “Əgər biz bizi muzdlularla bağlı ittiham edənləri dünyanın müxtəlif yerlərində nə etdikləri haqqında ittiham etməyə başlasaq, bu, çox uzun bir məsələ olacaq…”.
Bəli, Ali Baş Komandanın dediyi kimi, biz danışmağa başlasaq, “sandığı açıb, pambığı töksək”, o zaman çoxları gizlənməyə deşik belə tapmazlar və tapmayacaqlar…Çünki onlardan fərqli olaraq, bizim əlimiz doludur, bizim əlimiz də, dilimiz də arqumentlidir, biz faktlara, sübutlara malikik, onlar yox…Ona görə sussalar yaxşıdır, necə ki, illərdir həqiqəti görə-görə, susurlar, həqiqətin yox, yalanın yanında yer alırlar…Onlardan artıq heç nə istəmirik və gözləmirik, sadəcə, yolumuza daş-kəsək olmasınlar…
Biz haqq savaşındayıq, haqq mübarizəsi apararıq, düşmənə cəbhədə cavab veririk. Haqq da, ədalət də bizim yanımızdadır. Bu dəfə biz qalib gəlirik və qalib gələcəyik. Qələbə də bizimdir, Qarabağ da bizimdir, qələbə də bizim olacaq, Qarabağ da bizim olacaq! Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır!”.