“Azərbaycan Prezidenti həm öz ölkəsini, həm də Ermənistanı düşünür”backend

“Azərbaycan Prezidenti həm öz ölkəsini, həm də Ermənistanı düşünür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Siz öz ərazilərinizi geri qaytarmısınız, işğala və beynəlxalq münasibətlərdə normal olmayan vəziyyətə son qoymusunuz. Bu, Azərbaycan xalqının çox möhtəşəm qələbəsidir, həmçinin mənəvi qələbədir”.

Editor.az  APA-ya istinadən bildirir ki, bunu dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edən polşalı politoloq Yakub Koreyba jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu qələbə həm də 30 il davamlı olaraq pozulan beynəlxalq hüquq prinsipləri baxımından olduqca vacibdir. Bu, həm də beynəlxalq münasibətlərin sahmana salınması üçün mühüm addımdır: “Azərbaycan göstərdi ki, neqativ trendləri sındırmaq olar və beynəlxalq hüquq çərçivəsində, qarşılıqlı faydalı əməkdaşlıq fonunda yeni, pozitiv trendlər yaratmaq mümkündür. Və bu gün konfransda iştirak edənlər də başa düşür ki, hazırda Azərbaycanda bütün dünya üçün vacib olan proseslər gedir.

Bu, bir daha onu göstərir ki, ilk növbədə siyasi iradə olan yerdə ən mürəkkəb məsələləri də həll etmək olar. Prezident İlham Əliyevdə biz bu siyasi iradəni görürük”.

Politoloqun sözlərinə görə, Azərbaycan 30 il ərzində ordu quruculuğu ilə yanaşı, digər sahələrin çoxşaxəli inkişafına nail olub:

“Mən bir politoloq kimi Azərbaycanın həm də strateji təmkinini yüksək qiymətləndirirəm. Ərazilərinin 20 faizinin işğal altında olması düşüncəsi ilə yaşamaq olduqca çətindir. Uyğun məqamı seçmək üçün isə siyasi təmkin mütləqdir. Biz görürük ki, bəzi ölkələr necə səhvlər buraxır. Məsələn, Gürcüstan, Moldova, Ukrayna və Rusiya bu mənada səhvlərə yol verib, hər birimiz xatırlayırıq. Azərbaycan isə düzgün istiqamətdə doğru addımlar atmağı bacardı. Həm Azərbaycan Prezidenti, həm də onun ətrafında olanlar “zaman əhəmiyyət kəsb edir” termininin həqiqət olduğunu bilirlər və Prezident İlham Əliyev ideal bir zaman seçdi”.

Yakub Koreyba qeyd edib ki, Prezident İlham Əliyev beynəlxalq aləmdə baş verənlərlə yaxından maraqlanır: “Bugünkü konfransda Prezident İlham Əliyev hər bir sualı təmkinlə, dolğun şəkildə 3 saatdan artıq bir zaman ərzində cavablandırdı. Ekspertlərin təqdim etdiyi bütün suallar cavablandırıldı.

Biz bir daha şahidi olduq ki, Azərbaycan Prezidenti beynəlxalq münasibətlərdə dərin biliklərə sahib olmaqla yanaşı, gündəlik baş verənləri izləyir və biliklərini dərinləşdirir.

Buradan da aydın olur ki, onun rəhbərlik etdiyi ölkənin uğurları əsasən haradan qaynaqlanır və mən Azərbaycan xalqını belə bir liderləri olması münasibətilə təbrik edirəm.

Prezident özü də qeyd etdi ki, bu tip konfranslar onun üçün də böyük əhəmiyyət kəsb edir.

Şəxsən mən özüm bu gün suallarıma aldığım cavablardan çox məmnun qaldım, bu, unikal bir hadisə idi. Mən bir sıra dünya liderləri, yüksək vəzifəli məmurlar və siyasətçilərlə görüşlərdə iştirak etmişəm. Onların bir çoxu qapalı olur, sualların böyük qismini cavablandırmır və bir çox hallarda suallardan yayınırlar. Prezident İlham Əliyev isə bu gün mənim də sualım daxil olmaqla bütün sualları ətraflı şəkildə cavablandırdı. Mən regional inteqrasiya barədə soruşdum.

Prezident cavabında bildirdi ki, Azərbaycan həqiqətən də regional inteqrasiyanı, Cənubi Qafqazın digər regionlarla da əməkdaşlığını Cənubi Qafqazda sülhün və əmin-amanlığın təminatı üçün tələb olunan amillərdən biri kimi görür. İlham Əliyev qeyd etdi ki, biz birlikdə daha güclü oluruq, nəinki ayrı-ayrılıqda. Məsələn, biz ABŞ, Çin, Rusiya və Avropa ilə danışıqlar masasına əyləşəndə Gürcüstanla birlikdə daha güclü oluruq, nəinki hər bir ölkə ayrı-ayrılıqda. Prezident həmçinin qeyd etdi ki, Gürcüstanla əlaqələr daha da inkişaf etdirilir, bir sıra layihələr barədə danışıqlar aparılır və bəzi layihələr həyata keçirilir. İlham Əliyev bir məqamı da vurğulayıb ki, sülh sazişinin imzalanmasından sonra Azərbaycan Ermənistanla əməkdaşlığa hazırdır. Əgər erməni tərəfi, həmin ölkənin indiki və ya gələcəkdəki rəhbərliyi prosesin baş verməsi üçün süni əngəllər yaratmasa, Azərbaycan və Gürcüstan regional inteqrasiya prosesində Ermənistana qapı açmağa hazırdır. Bu, Ermənistanın maraqlarına uyğundur, çünki dost ölkələr, qonşular bu regiondadır, amma Fransa və Rusiya kimi “böyük qardaşlar” uzaqdadır. Ermənistan üçün də ən məntiqlisi odur ki, dostları yaxında axtarsın. Bu kontekstdə onu deyə bilərəm ki, Azərbaycan Prezidenti strateji düşüncə və milli maraqlar baxımından həm öz ölkəsi, həm də Ermənistan üçün düşünür, çünki mən Azərbaycan liderinin səsləndirdiyi fikirdən daha məntiqlisini erməni siyasətçilərin heç birindən eşitməmişəm”.

Yakub Koreyba Zəngilana səfər etdiklərini də diqqətə çatdırıb: “Zəngilan tamamilə unikal bir məkandır. Konfransda iştirak edən hər bir ekspert üçün Zəngilana səfər olduqca vacib idi. Bilirsiniz ki, Zəngilana dünyanın 30 müxtəlif ölkəsindən 60-ya yaxın ekspert getmişdi. Onların arasında Hindistandan, Argentinadan, ABŞ və digər ölkələrdən ekspertlər var idi. Görün insanın necə böyük bir motivasiyası olmalıdır ki, ABŞ və ya Argentinadan təyyarəyə əyləşib Zəngilana getsin. Bu o deməkdir ki, Zəngilanda və digər azad olunmuş ərazilərdə təkcə Azərbaycan üçün deyil, ümumilikdə dünya üçün çox mühüm bir proses gedir”.