Azərbaycan prinsipial məsələlərdə qətiyyətli mövqeyini bütün tərəflərə bildirirbackend

Azərbaycan prinsipial məsələlərdə qətiyyətli mövqeyini bütün tərəflərə bildirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya üçtərəfli razılaşmaya sadiq olduğunu iki ölkə arasında etimad tədbiri məsələsində fəal iştirak edəcəyini hər məqamda bildirir. Amma necə olur ki, Azərbaycana ən son təqdim olunan mina xəritələrinin dəqiqliyi 25%-dir? Xankəndinə qanunsuz yük daşınmasını Rusiya sülhməramlısı görmür? Bir halda ki, Rusiya prosesə hərtərəfli kömək etməyə hazır olduğunu bildirir, o zaman etimad tədbirlərinin gücləndirilməsi işinə də Rusiya daha ciddi yanaşmalıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

 

O, bildirib ki, Gürcüstan və Rusiyanın vasitəçiliyi ilə 2 dəfə mina xəritələri qarşılığında erməni diversantların bir qismi geri qaytarılıb:

“Cənab Prezident İlham Əliyev bəyan etdi ki, verilən xəritələrin 25%-i düzdür, digərləri düz deyil. Ermənistan bu məsələdə də səmimi davranmır. Görünən odur ki, Ermənistanın bizə verdiyi mina xəritələrinin çoxu saxtadır. Azərbaycan hətta torpaqları işğal altında olduğu vaxtda belə bütün öhdəlikləri yerinə yetirib, əsir və girovlarla bağlı da dövlətimiz hər zaman “hamının-hamıya dəyişdirilməsi” prinsipi ilə çıxış edib. Pozuculuq edən, üzərinə götürdüyü öhdəliklərdən yayınan isə hər zaman Ermənistan tərəfidir.
Maraqlı olan odur ki, Ermənistanın təqdim etdiyi mina xəritələrinin özünü doğrultmaması ilə bağlı nə Rusiyadan, nə də Gürcüstandan heç bir rəsmi münasibət olmadı və heç bir izahat verilmədi. Halbuki vasitəçi olaraq həmin dövlətlər məsuliyyət daşıyır. Azərbaycan da öz növbəsində haqlı olaraq bütün region ölkələrindən bölgədə sülhün bərqərar olması üçün səylərini daha da artırmasını gözləyir”.

Politoloqun sözlərinə görə, Azərbaycan son zamanlar vasitəçi qismində çıxış edən Rusiyanın sülhyaratma missiyasından narazılığını açıq şəkildə masa üzərinə qoyur:

“Eyni zamanda, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi bölgələrə çoxlu sayda İran yük maşını daxil olur, İrandan Xankəndiyə müxtəlif təyinatlı, əsasən yanacaq-sürtkü materialları daşıyan maşınlar daxil olur. Təbrizdən Xankəndinə qətran daşındığı bildirilən iki yük maşını və iki İran vətəndaşı saxlanıldı, çünki həmin sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar, Azərbaycanın aidiyiyyatı dövlət qurumlarının əməkdaşları tərəfindən saxlanılıb və təbii ki, Azərbaycan ərazisində saxlanıldıqları üçün də onlar haqqında Azərbaycan qanunvericiliyinə müvafiq olaraq tədbirlər görüləcək. Bu insanlara İran tərəfinə saxlanıldıqları haqqında məlumat vermək üçün imkan da yaradılıb. Tutulan iki nəfərin sənədində təyinat yeri kimi Xankəndi yox, Stepanakert Armenia yazılıb. Yeni Xankəndi Ermənistan ərazisi kimi göstərilir. Bir halda ki, İran bütün dünya birliyi tərəfindən də tanınan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirirsə, bu cür kobud, olmazın səhvlərə yol vermək qəbulolunmazdır. Azərbaycan bütün regional və regiondan kənar olsa da bu regionda maraqlarını təmin etməyə çalışan aktorlara qətiyyətli mövqeyini bildirib. Vaxtilə müəyyən diplomatik kanallarla çatdırılan mövqeyimiz indi açıq şəkildə ortaya qoyulur. Azərbaycan prinsipial məsələlərdə qətiyyətli mövqeyini hər bir tərəfə siyasi iradə nümayiş etdirməklə bildirir və başlatdığı işi sona yetirəcək”.

//Gülnarə Abasova, Editor.az