” Minalanmış ərazilərimizin xəritəsinin Ermənistandan alınması Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticəsi və Azərbaycan diplomatiyasının növbəti qələbəsidir”.
Bu sözləri Editor.az-a açıqlamasında deputat Nəsib Məhəmməliyev deyib.
Deputat bildirib ki, xəritələrin verilməsində bu dəfə vasitəçi Rusiya oldu:
“İyunun 12-də Ermənistanın saxlanılan 15 erməni müqabilində Ağdam rayonu üzrə minanı özündə əks etdirən xəritələri Azərbaycana təhvil verməsi prosesi ABŞ nümayəndə heyətinin iştirakı ilə Gürcüstan vasitəsilə baş tutdu. Lakin bu dəfə Zəngilan və Füzuli rayonlarına məxsus mina xəritələrinin Azərbaycana təqdim edilməsində vasitəçi Rusiya oldu. Rusiya Qarabağ münaqişəsinin həllində 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı proseslərdə razılıqların əldə olunmasında daha aktiv rol oynayıb. Reallıq ondan ibarətdir ki, Rusiya və Qərbin arasında hər zaman müəyyən rəqabət mövcud olub. Lakin Qarabağda bilvasitə rus sülhməramlılarının
fəaliyyəti göstərir ki, Qarabağ məsələsinin həllində Rusiya Federasiyası daha maraqlıdır. 10 noyabr üçtərəfli bəyannamənin müddəalarına əsasən, Azərbaycan və Ermənistan sərhədində delimitasiya və demakrasiya prosesinin həyata keçirilməsi, bölgədə nəqliyyat- kommunikasiya xətlərinin açılması, Qarabağda separatçı qüvvələrin ərazilərimizdən çıxarılması məsələlərinin həllində də Rusiya vasitəçi rolunu davam etdirəcək. Bütün proseslərin həllində Rusiyanın vasitəçiliyi müsbət qiymətləndirirəm”.
Nəsib Məhəmməliyev qeyd edib ki, Ermənistanın müharibədən məğlub tərəf olaraq çıxmasını nəzərə alsaq, ölkədaxilində yenidən müharibə çağırışları səsləndirən revanşist qüvvələr kifayət qədərdir:
“Son günlər Ermənistan ard-arda sərhəddə təxribatlar törətdi və atəşkəsi bir neçə dəfə pozdu. Nəzərə alaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin bütün strukturlarına tam rəhbərlik edə bilmir və Ermənistanda onun əleyhdarları kifayət qədər çoxdur. Ölkədə müharibə ritorikasını gündəliyindən çıxarmayan kriminal” Qarabağ klanı” xeyli problemlər yaradır. Ermənistanda son parlament seçkilərinin nəticələrində də Klanın 25-26 faiz səs toplaması da onu göstərir ki, Ermənistanın daxilində və xaricində kifayət qədər Azərbaycan-Türkiyə ilə münasibətləri normallaşdırmaq istəməyən qüvvələr mövcuddur. Bu qüvvələrin arxasında çox böyük maliyyə imkanlarına və siyasi gücü malik diasporalar, kriminal qruplar dayanıb. Eyni zamanda, dünyada İslamafob siyasəti aparan ermənipərəst qüvvələr çoxdur. Bütün bunları nəzərə alsaq, sonrakı proseslərdə Ermənistan sərhəddə təxribat törətməkdə davam edə bilər. Biz hər zaman buna hazır olmalıq. Azərbaycan Ordusu 44günlük Vətən müharibəsində öz gücünu yalnız Ermənistana deyil, bütün dünyaya göstərdi”.
Millət vəkili bildirib ki, Azərbaycan dövləti qalib ölkə olaraq Ermənistana heç bir güzəştə getməyəcək:
” Hesab edirəm ki, bundan sonra da biz dünyaya çatdırmalıyıq ki , biz qalib ölkə olaraq diktə edən tərəfik. Biz heç bir halda güzəştə gedə bilmərik. Ermənilər də başa düşməlidir ki, qalib ölkə öz iradəsini diktə etmək hüququna malikdir. İndiki halda Qarabağda ermənilərə status verilməsi məsələsindən söhbət gedə bilməz. Bunu bütün dünya da qəbul etməlidir!”.
//Editor.az, Gülnarə Abasova

