Azərbaycan Qarabağda yeni əməliyyatlara başlayacaq: Rusiya-Ukrayna müharibəsi bitməsə…backend

Azərbaycan Qarabağda yeni əməliyyatlara başlayacaq: Rusiya-Ukrayna müharibəsi bitməsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim ictimaiyyətdə tez-tez belə söhbətlərə şahid oluruq ki, Azərbaycan Rusiyanın Ukraynada başının qarışmasından istifadə edib, başa çatdırmadığı missiyanı başa çatdırmalıdırmı, yoxsa gözləməlidir?!”.

Bunu Milli.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib.

O bildirib ki, Azərbaycan yenə də 100 faizli təminat əldə etdikdən sonra Qarabağın dağlıq hissəsində yarımçıq qalan məsələləri yoluna qoymağa başlayacaq:

“Bu məsələ təkcə Azərbaycanda gündəmə gəlmir. Həm Moldovada, həm Gürcüstanda, həm də digər yerlərdə belə oxşar problemlər var ki, onlar da Rusiyanın başının qarışmasından istifadə edib, müəyyən addımlar atmaq haqqında fikirlər səsləndirirlər. Amma mən düşünürəm ki, axı Rusiya-Ukrayna müharibəsinin nəticəsi bəlli olmadan belə addımların atılması həm düzgün olmaz, həm də effektiv olmazdı. Düşünülmüş, praqmatik, geosiyasi reallıqları nəzərə almaqla addım atmaq lazımdır. Fikrimcə nəyi nə vaxt etməklə bağlı hər şeyin zamanını ən yaxşı məhz Azərbaycan Prezidenti özü bilir.

Təsəvvür edin ki, Azərbaycan, yaxud da ki, Gürcüstan bu imkandan istifadə edib işğaldakı ərazilərini azad etməyə qalxır, və ya Moldova Denestryanı ərazini separatçılardan azad etməyə çalışır. Amma bir də məlum olur ki, Rusiya Ukrayna ilə müharibənin nəticəsində qalib gəlir və Rusiyanın dünyadakı mövqeyi daha da güclənir. Bəs sonra nə necə olacaq?!

Ona görə də, mənə elə gəlir ki, bu qeyd etdiyim dövlətlər, o cümlədən Azərbaycan müharibənin nəticəsinin daha dəqiq bilinməsinə qədər gözləyəcəklər. Təbii ki, Azərbaycan Qarabağda olan prosesi bir an belə yaddan çıxarmır, unutmur və əlverişli, uyğun şərait yaranan kimi bu məsələni bitirəcək, bu istiqamətdə lazımı işlər görüləcək. Amma indiki halda Azərbaycan çox ehtiyyatlı və balanslaşdırılmış siyasət yeritməkdə davam edəcək.

Azərbaycan 44 günlük müharibəyə nə zaman başladı?! Biləndə ki, bütün məsələlər aydındır – 100 faizli təminat var ki, başqa dövlətlər ona müdaxilə etməyəcəklər və onun Qarabağdakı əməliyyatına mane olmayacaqlar, ondan sonra haqq savaşına başladı. Düşünürəm ki, Azərbaycan yenə də 100 faizli təminat əldə etdikdən sonra Qarabağın dağlıq hissəsində, sülhməramlı kontingentin nəzarəti altındakı qanunsuz erməni silahlı dəstələrinin tərki-silah edilməsi və digər önəmli məsələləri yoluna qoymağa başlayacaq.

Proseslər də göstərir ki, Rusiya-Ukrayna müharibəsi təzə başlayıb. Bu müharibənin hadisələri hara aparacağı hələ məlum deyil. Necə ki, Rusiya Qərbi, NATO-nu nüvə silahından istifadə etməklə qorxudur, bəlkə sabah həqiqətən də istifadə edəcək. Belə olan halda proseslərin necə gedəcəyini də hesaba qatmaq lazımdır. Ona görə də, digər ölkələr, o cümlədən Azərbaycan hələlik gözləmə mövqeyi tutacaqlar və belə daha yaxşıdır”.