“Hazırda nəinki Qarabağdakı separatçı qurumun, Ermənistanın belə səsləndirdiyi bəyanatları bir çox ölkələr, təşkilatlar diqqətə almır”.
Bunu Editor.az-a hərbi ekspert Ədalət Verdiyev Qarabağdakı separatçıların Ağdam marşrutundan istifadə üçün şərtlər irəli sürərək “Laçın yolu tam açılmalı, təhlükəsizlik təminatları təmin olunmalıdır. O zaman kommunikasiyaların açılması üçün bütün mümkün variantları müzakirə edə bilərik, lakin Azərbaycan buna hazır deyil”, – deyə Artak Beqlaryanın səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, son dəfə BMT TŞ-nın iclasında da keçirilən müzakirələrdə Azərbaycana qarşı Laçın yolu ilə bağlı heç bir qərar, bəyanat hətta tövsiyyə xarakterli bir sənəd qəbul edilmədi: “Belə olduğu halda separatçıların hər hansı fikir səsləndirməsi, şərtlər irəli sürməsi heç bir məntiqə sığmır. Bu yalnız sülh danışıqları prosesinə öz mənfi təsirini göstərə bilər. Azərbaycan da qalib tərəf kimi daha sərt tələblər ortaya qoya bilər. Məsələn rəsmi Bakı humanitar yardımların Qarabağa Ağdam-Xankəndi yolu ilə çatdırılmasını, yalnız ərazilərimizdə qeyri-qanuni məskunlaşmış separatçıların Azərbaycana təhvil verilməsinə, silahlı birləşmələrin çıxarılmasından sonra həyata keçirilə biləcəyinə dair şərtlər irəli sürə bilər. Bu zaman görəcəyik separatçı qurum həmin şərtlərə hansı aspektdən yanaşacaq “.
//Safura Bənnayeva, Editor.az

