İSTİQAMƏT: 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
“Son 4 ildə 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış”ı təmin etmək dövlətimizin strateji prioritetlərindən biri kimi müəyyənləşdirilib. 30 il ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan insanların doğma yurd yerlərinə layiqli qayıdışını təmin etmək məqsədilə təxminən 11 min kvadratkilometri əhatə edən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur quruculuğu və bərpa işləri həyata keçirilir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkili bildirib ki, işğaldan azad olunmuş ərazilərin bərpasını həyata keçirmək heç də asan bir proses deyil:
“Çünki mənfur düşmən işğal dövründə həmin ərazilərdə, bütün tikililər, infrastruktur, şəhər və kəndlər, tarixi dini-mədəni abidələr yerlə-yeksan edilib. Postmüharibə dövründə hər şeyi yenidən qurmaq lazımdır. Ancaq müharibənin başa çatmasından ötən dörd ildə görülən işlər onu deməyə əsas verir ki, güclü dövlət olan Azərbaycan Qarabağın dirçəldilməsini, bərpasını da uğurla həyata keçirməyi bacardı. İndiyədək Qarabağda yüzlərlə layihənin icrası tamamlanıb. Bütün bunlar Azərbaycan dövlətinin gücünü, şəxsən Prezident İlham Əliyevin Vətən müharibəsində işğaldan azad olunan ərazilərin bərpasına göstərdiyi qətiyyətli siyasi iradəni nümayiş etdirir. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan layihələrin yüksək səviyyədə icra olunmasına xüsusi həssaslıqla yanaşır. O, birinci xanım Mehriban Əliyeva ilə birlikdə tez-tez işğaldan azad olunmuş ərazilərə səfərlər edərək görülən işlərlə yerindəcə tanış olur, özünün tapşırıq və tövsiyələrini verir”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.