“44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrlərdə Azərbaycanın hər hansı məqsədini reallaşdırmadığının şahidi olmadıq”.
Bunu Editor.az-a hərbi ekspert Tərlan Eyvazov Qarabağda Azərbaycanın lokal antiterror əməliyyatını uğurla davam etdirməsi, hazırkı mövcud vəziyyəti eləcə də antiterror əməliyyatının genişmiqyaslı hərbi əməliyyatla əvəzlənib-əvəzlənməyəcəyi ilə bağlı suallarımızı cavablandırarkən deyib.
Onun sözlərinə görə, qarşıya qoyulan bütün məqsədlər həm hərb, həm də siyasət və diplomatiya meydanında yerinə yetirilib:” Qarabağda bizim olduqca geniş həcmli təlimlərimiz keçirildi. Bu da rəsmi şəkildə bəyan edildi. Amma təəssüf ki, sentyabrın 19-unda DİN -in əməkdaşlarına qarşı terror aktı baş tutdu. Bunun da ardınca antiterror əməliyyatlarının başlanması qaçınılmaz oldu. Dünəndən bu tədbirlər həyata keçirilir. Verilən rəsmi məlumatlardan da aydın olur ki, proses qrafikə tam uyğun olaraq yüksək səviyyədə aparılır”.
Ekspert Azərbaycanın Ermənistanla müharibə aparmadığını bildirib:
“Sadəcə sərhəddə ehtiyat tədbirləri görüldü. Dünən Ermənistan rəhbəri də açıqlamasında qeyd etdi ki, Azərbaycanın başlatdığı antiterror əməliyyatının rəsmi İrəvana aidiyyatı yoxdur. Bunun üçün də geniş miqyaslı hərbi əməliyyatın baş tutacağı gözlənilmir. Azərbaycanın heç bir qonşu dövlətlə müharibə aparmaq fikri yoxdur. Yalnız torpaqlarımızda olan qeyri-qanuni silahlı birləşmələrin tərk-silahı ilə məşğuluq. Buna da nail olduq”.
Tərlan Eyvazov son olaraq verilən rəsmi məlumatlardan əlavə informasiyaların yayılmamasında diqqətli olmağa çağırıb.
//Safura Bənnayeva, Editor.az

