Azərbaycan qazını almaqda hansı ölkələr maraqlıdır? – AÇIQLAMAbackend

Azərbaycan qazını almaqda hansı ölkələr maraqlıdır? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Slovakiya dekabrda Azərbaycandan qaz idxal edəcək. Respublikada milli qaz enerjisi sisteminin ən böyük operatoru olan Slovakiyanın SPP şirkəti Ukrayna ərazisindən tranzitin dayandırılmasından ehtiyat edərək Azərbaycandan qazın tədarükü üçün qısamüddətli sınaq müqaviləsi imzalayıb. Azərbaycan tərəfdən tərəfdaş dövlət şirkəti SOCAR-dır. Müqavilə bir aylıqdır. Slovakiya və Azərbaycan şirkətləri arasında əməkdaşlıq uğurlu olarsa, bu müddət uzadıla bilər.

Ümumi olaraq Azərbaycan qazını almaqda hansı ölkələr maraqlıdır?

Mövzu ilə bağlı Milli.Az-a politoloq Yusif Bağırzadə açıqlamasında bildirib ki, bu gün karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması, eləcə də Şimal marşrutu üzrə enerji axınında yaranmış çətinliklər fonunda Azərbaycanın strateji mövqeyinin artması danılmaz həqiqətdir.

“Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə, eləcə də Avropanın enerji təhlükəsizliyi sistemində oynadığı rol ölkəmizi kifayət qədər cəlbedici edir. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın mövqeyi hər zaman ardıcıl olub və enerji təhlükəsizliyin təmin olunması ölkənin milli təhlükəsizlik məsələsi hesab olunub. Bu gün Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir.

Bu baxımdan Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyasının genişlənməsi təbiidir. Hal-hazırda Azərbaycanın qazının nəql edildiyi 10 ölkədən səkkizinin Avropa ölkəsi olması da bunun bariz sübutudur. Slovakiyanın dekabrda Azərbaycandan qaz idxal edəcəyinə gəldikdə isə bu gözlənilən idi. Belə ki, hələ bu ilin may ayında Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri çərçivəsində Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlığın yaradılması haqqında birgə bəyannamə imzalandı və o bəyannamə özündə bir sıra sahələrdə əməkdaşlığı ehtiva edirdi. Bu sahələrdən biri də enerji sahəsində əməkdaşlıqdan ibarətdir”.

Politoloq qeyd edib ki, Slovakiya Baş Nazirinin ölkəmizə səfəri zamanı liderlərin mətbuata verdikləri açıqlamada Prezident İlham Əliyev Avropada qaz nəql etdiyimiz 9-cu ölkənin Slovakiya olacağına inamını ifadə etmişdi və bu artıq reallığa çevrilir. Məlumdur ki, 2023-cü ildə “Həmrəylik Halqası” adlanan sənəd imzalanıb və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaranıb.

“Slovakiyanın Azərbaycan qazını almaq istəyən son Avropa ölkəsi olmayacağını da söyləmək olar. Çünki Azərbaycan enerji təhlükəsizli sahəsində Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirib və bu hər kəs tərəfindən qəbul olunur. Xüsusilə də Mərkəzi və Şərqi Avropa ölkələri Azərbaycan qazını almaqda olduqca maraqlıdırlar. Burada Çexiya, Polşa kimi ölkələri qeyd etmək olar. Ümumiyyətlə isə 2025-ci ilin sonundan etibarən Trans-Adriatik Qaz Boru Kəməri genişləndirmənin birinci mərhələsi çərçivəsində əlavə 1,2 milyard kubmetr Azərbaycan qazını qəbul etməyə hazır olacaq ki, bunun da 1 milyard kubmetri əlavə olaraq İtaliyaya, 200 milyon kubmetri isə Albaniyaya satılacaq. Eyni zamanda Ruminiyanın Azərbaycandan qaz alması gələcəkdə Moldovanın da ölkəmizdən qaz almasına imkan verir. Qazın Rumıniyadan Moldovaya ötürülməsi üçün bütün texniki imkanlar var”.