Azərbaycan qazının Avropaya nəqlindən nə qazanacaq? – TƏHLİLbackend

Azərbaycan qazının Avropaya nəqlindən nə qazanacaq? – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumat verdiyimiz kimi, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Təbii Qaz Boru Kəmərinin (TAP) inşaat işləri yekunlaşıb. Bu isə o deməkdir ki, artıq Azərbaycandan Avropaya kommersiya qazının nəqli yaxınlaşır. TAP konsorsiumunun məlumatında da hazırda kommersiya əməliyyatlarının başlanması üçün hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğu, ilin sonunadək “Şahdəniz” yatağından təbii qazın Avropaya nəqlinə başlanılacağı qeyd edilib.Yəni BP, SOCAR, “Snam”, “Fluxys”, “Enagas”, “Axpo” şirkətlərindən ibarət beynəlxalq konsorsium layihəni vaxtında tamamlamaq öhdəliyinə sadiqdir.

Bəs Azərbaycanın və Avropanın TAP kəmərindən qazancı nə olacaq?

Azərbaycan üçün əhəmiyyəti

Azərbaycan qazı yeni bazarlara çıxacaq

Əvvəla, qeyd edilməlidir ki, 3500 km məsafəni əhatə edən Cənub Qaz Dəhlizi layihəsinin Avropa hissəsi olan TAP kəməri Azərbaycandan Avropaya ilk dəfə birbaşa boru kəməri ilə qaz nəql edəcək.  Bu Azərbaycan üçün yeni qaz bazarları deməkdir.

2000-ci illərin əvvəllərinədək qaz idxalçısı olan Azərbaycan artıq ixrac bazarlarını genişləndirir. Azərbaycan qazı hazırda Gürcüstan və Türkiyəyə nəql olunur. TAP-ın istismara başlaması ilə Azərbaycan qazının ixrac coğrafiyası genişlənmiş olacaq. Azərbaycan qazı Gürcüstan və Türkiyə bazarı ilə yanaşı, Yunanıstan, Bolqarıstan və İtaliya bazarında da satılacaq.

Hazırda Gürcüstanın daxili bazarının təbii qaza olan ehtiyacının 97%-dən çoxu Azərbaycanın hesabına təmin olunur. 2007-ci ildən Türkiyə bazarına nəql olunan Azərbaycan qazının illik həcmi 2018-ci ildə istifadəyə verilən TANAP-la nəql olunan həcmlə birlikdə 12,6 mlrd kubmetrə çatdırılacaq.

İldə 1 mlrd. kubmetr “Şahdəniz” qazı Yunanıstana, 1 mlrd kubmetr Bolqarıstana,  8 mlrd. kubmetri isə İtaliyaya ötürüləcək. Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri TAP vasitəsilə nəql olunan Azərbaycan qazı ilə ödəniləcək.

Qaz ixrac həcmləri və gəlirləri artacaq

2017-ci ildə, yəni Cənub Qaz Dəhlizi layihəsinin ilk seqmenti yekunlaşmamış Azərbaycanın qaz ixracının həcmi 8,5 mlrd kubmetr təşkil edib. 2018-ci ilin iyun ayında TANAP-ın istismara verilməsi ilə qaz ixrac həcmi 9,6 mlrd kubmetrə qədər artdı. 2019-cu il ərzində Azərbaycandan xaricə qaz satışında 11,7 milyard kubmetrə qədər artım olub.

TAP-la ildə 10 mlrd kubmetr qaz nəql olunacağını, TANAP-la nəql olunan həcmin artacağını nəzərə alsaq gələcəkdə Azərbaycanın qaz gəlirlərinin ildən-ilə kəskin artacağını qeyd etmək olar. Elə təkcə, bu ilin 8 ayında Azərbaycanın qaz ixracından gəlirləri 20% artıb.

Cənub Qaz Dəhlizinin ilkin mərhələsi ilə tam nəzərdə tutulan həcm nəql olunduqda Azərbaycanın qaz ixrac həcmi 2017-ci ildəki 8,5 mlrd kubmetrdən 24,5 mlrd kubmertədək artacaq.

Azərbaycan həm də qaz tranzit ölkəsi ola bilər

Xəzər dənizindən Avropaya qaz nəqli infransturunun inşa olunması, qaz dəhlizinin açılması Azərbaycan üçün gələcəkdə “Şahdəniz”dən başqa, digər yataqlardan da qaz ixracına imkan verməklə yanaşı, digər ölkələrdən də Avropaya Azərbaycan üzərindən qaz nəqlinə imkan yaradacaq. Hazırda gələcək perspektivdə Türkmənistan qazının Avropaya nəqli məsələsi müzakirə olunur. Avropa İttifaqı da  Türkmənistana Avropaya qazı Azərbaycan vasitəsi ilə tədarük etməyi təklif edib.  Əgər bu, reallaşarsa, Azərbaycan gələcəkdə həm də Avropa və Asiya arasında qaz tranziti mərkəzinə çevrilə bilər.

Avropa üçün əhəmiyyəti

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək

Ümumilikdə, Cənub Qaz Dəhlizi, xüsusilə də onun tərkib hissəsi olan TAP layihəsi iqtisadi əhəmiyyət daşımaqla yanaşı, strateji vacib layihədir. TAP vasitəsilə Avropa bazarına alternativ və yeni mənbədən qaz daxil olacaq. Bu boru kəməri enerji təhlükəsizliyi strateji əhəmiyyət daşıyan qitənin enerji xəritəsini də dəyişəcək. TAP dünyanın ən böyük enerji bazarlarından biri olan Avropanın artan enerji tələbatına töhfə verəcək. Şaxələndirmə, tələbatın ödənilməsi ilə yanaşı, TAP həm də Avropanın dekarbonizasiya strategiyasına dəstək olacaq.