“Prezident İlham Əliyevin Belçikanın yeni səfirinin etimadnaməsini qəbul edərkən səsləndirdiyi fikirlər obyektiv reallığı ehtiva edir. Təəssüflər olsun ki, bu gün Avropa Birliyi vahid siyasi institut kimi özünü göstərə bilmir və bir sıra dövlətlər Avropa Birliyində qəbul edilən yekdil qərarlara qarşı sabotajçı mövqe ortaya qoyur”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq Brüsseldə bir vaxtlar Şarl Mişelin rəhbərliyi altında uğurla baş tutan formatın fəaliyyətinə toxunub:
“Avropa İttifaqı Şurasının moderatorluğu altında Azərbaycan və Ermənistan arasında müxtəlif görüşlər həyata keçirilirdi. Ancaq sonrakı dövrdə məlum oldu ki, Avropa İttifaqının içindən özəlliklə Fransanın təxribatları nəticəsində Brüssel formatı uğursuzluğa düçar oldu və artıq özünü doğrultmamağa başladı. İstənilən halda hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan münasibətlərində hələ də işğalçı ilə işğala məruz qalana eyni gözlə yanaşan qərb siyasi strukturları var və istənilən halda bu ədalətsizlik bütövlükdə qərb siyasi sisteminə qarşı antipatiyaları gücləndirir. Ancaq eyni zamanda, Azərbaycan hər zaman Avropa İttifaqı ilə münasibətlərə önəm verib. Bu gün Ermənistan-Azərbaycan münasibətlərinə görə Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində hansısa geriləmələr baş verərsə, bunun günahı Azərbaycanda yox, Avropa İttifaqı və ona üzv bəzi ölkələrin Ermənistanı provokasiyalara təxribatçı siyasətdə dəstəkləməyinə görə baş verir. Hər bir halda cənab Prezidentin Belçika Kralığının səfirini qəbul edərkən səsləndirdiyi fikirlər bir daha onu göstərir ki, Azərbaycan qərb institutları ilə normal münasibətləri saxlamaqda maraqlıdır və onlar da ayrı-ayrı ölkələrin Azərbaycana qarşı ədalətsiz mövqelərinə etiraz etməlidir”.
//Gülnarə Abasova, Editor.az

