Azərbaycan Qərbdən uzaqlaşmaq istiqamətində heç bir siyasi addım atmır: “Amma Şərqlə yaxınlaşma cəhdləri…”backend

Azərbaycan Qərbdən uzaqlaşmaq istiqamətində heç bir siyasi addım atmır: “Amma Şərqlə yaxınlaşma cəhdləri…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın xarici siyasətində ciddi dəyişikliklər baş verdi və bu proses hələ də davam edir. Bu da gözləniləndir. Çünki torpaqlarımızın işğal altında olması xarici siyasətimizə ciddi təsir edir və müstəqil addım atmaq imkanlarımızı məhdudlaşdırırdı. Vətən müharibəsi başa çatdıqdan və işğal altında olan torpaqlarımız azad edildikdən sonra daxildə olduğu kimi həm xarici siyasətimizdə, həm də qonşularımızla münasibətdə manevr etmək imkanı və azadlığı əldə etdik. İndi əvvəllər olduğu kimi beynəlxalq siyasətdə atdığımız addımın Qarabağ probleminin həllinə necə təsir göstərəcəyi barədə düşünməyə bilərdik. Çünki artıq bu problem mövcud deyildi”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın apardığı xarici siyasət və beynəlxalq müstəvidə atdığı addımlar sırf dövlət maraqları əsasında formalaşır:

“Bu gün milli maraqlarımız Şərqdə formalaşan bloklarla münasibətləri yaxınlaşdırmağı tələb edirsə, biz o istiqamətdə addımlar atırıq. Yox əgər Qərblə münasibətlərin normallaşdırılması milli və dövlətçilik marağımızın istiqamətini müəyyən edirsə, Qərblə yaxınlaşmaq üçün tədbirlər görüləcək. Qəbul edilən qərarlar bu və ya digər bloklara yaxınlaşma sırf Azərbaycanın gələcəyə baxış prizmasına əsaslanır. Bu gün Bakı Şərq Bloku ilə daha da isti münasibətlər qurmaq yolunu tutursa, bu heç də Qərbi yaddan çıxarmaq və ona arxa çevirmək anlamına gəlməməlidir. Sadəcə olaraq Qərb və ABŞ-ın Ermənistanı qucaqlayaraq Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləməsi Azərbaycanı bu güclərlə münasibətdə bir qədər ehtiyatlı siyasət yürütməyə məcbur edir. Yəni, Azərbaycanın milli maraqları hazırki şəraitdə Qərbin tələbləri ilə üst-üstə düşmür. Buna görə də xarici siyasətimizdə Qərbdən uzaqlaşmaq təəssüratı yaranır. Amma əslində bu, belə deyil. Azərbaycan Qərbdən uzaqlaşmaq istiqamətində heç bir siyasi addım atmır. Amma onun Şərqlə yaxınlaşma cəhdləri Qərbdən uzaqlaşmaq kimi qiymətləndirilir. Əgər Qərb öz ikili standartlarından əl çəkərək Azərbaycanla ədalətli münasibət qurmaq yoluna dönərsə, Azərbaycan da buna qarşılıq olaraq adekvat addımlar atacaq”.

//Gülnarə Abasova, Editor.az