Azərbaycan qisasını belə aldı- Xocalı soyqırımının simvoluna çevrilən ərazi ilə bağlı mühüm qərarbackend

Azərbaycan qisasını belə aldı- Xocalı soyqırımının simvoluna çevrilən ərazi ilə bağlı mühüm qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun növbəti təxribatına cavab olaraq Azərbaycan ordusunun başladığı əks-həmlə əməliyyatı nəticəsində 44 gün davam edən Vətən müharibəsi ilə 30 ilə yaxın müddətdə işğal altında qalan ərazilərimiz azad olundu və bununla da ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Tarixi qələbənin ardınca, 30 ilə yaxın müddətdə öz ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın həmin torpaqlara qayıdışı istiqamətində mühüm addımlar atıldı. Belə ki, işğaldan azad edilən ərazilərimizin bərpası, yenidən normal yaşayın təmin edilməsi istiqamətində görülən işlər, tikinti-quruculuq işləri, “Böyük Qayıdış” proqramının təmin edilməsi və s. Kimi amillər buna nümunədir.

“Böyük Qayıdış” proqramı çərçivəsində bu gün minlərlə soydaşımız öz ata-baba yurdlarına qayıdır. Bu proqram böyük əhəmiyyətə malikdir və mərhələli şəkildə qayıdış prosesi həyata keçirilir.

“Böyük Qayıdış” Dövlət Proqramı üzrə, doğma yurda növbəti köçün ünvanı qədim tarixə malik Xocalı rayonunun Malıbəyli kəndinin olacağı ilə bağlı məlumatlar da yayılır.

Maraqlıdır, 2024-cü ildə proqram çərçivəsində daha hansı ərazilərimizə köç mümkümdür?  Bəs Qazaxın geri qaytarılan 4 kəndi necə, tezliklə qayıdış gözlənilirmi ?

Mövzu ilə bağlı Editor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycanda “Böyük Qayıdış” planlı şəkildə ardıcıl olaraq həyata keçirilir:

“Bu mühüm tarixi hadisədir. Ərazilərimiz çox böyükdür. Təəssüf ki, yüzlərlə, minlərlə evin dağıldığı şəraitdə qayıdışı təmin etmək asan məsələ deyildi. Milyardlarla vəsait, böyük əzm, qətiyyət, əmək tələb edir. Ona görə də ilkin mərhələdə “Böyük qayıdış”ı əhatə edən ərazilərimizin hər bir yerində kommunikasiyaların yaradılması lazım idi. İlk növbədə yolların, su, enerji təminatının yaradılması əsas şərt idi. İş yerlərinin açılması, mikroiqtisadiyyatın formalaşdırılması, dövlət xidmətlərinin əl çatan olmasının təmin edilməsi də buna aiddir. Bir sözlə proses mərhələli şəkildə həyata keçirilir”.

Deputatın sözlərinə görə, bütün ərazilərimizdə kommunikasiyalar bərpa olunub, ya da bərpa olunmaqdadır:

“Xocalı rayonunun Malıbəyli kəndinə qayıdış hələlik “Böyük qayıdış”ın ən son həlqələridir. Bu sadəcə vətəndaşlarımızın yurd-yuvalarına qayıtması deyil, həm də Xocalı boyda soyqırımın ağrısının yüngülləşdirilməsidir. Xocalı, Malıbəyli 30 illik müharibənin , xalqımıza qarşı həyata keçirilən soyqırımların, əzabların simvollarıdır. Bu ayrıca əhəmiyyət kəsb edir.

Önümüzdəki mərhələdə həmin proqramın daha geniş vüsət alması üçün özəl sektorların və vətəndaşların öz təşəbbüslərinə ehtiyac olacaq. Hazırda ciddi təhlükəsizlik problemləri qalmaqdadır. Bunun üçün vətəndaşların və özəl sektorların əraziyə buraxılmasında bir qədər ehtiyatlı davranmaq lazımdır. Dövlətimiz bunun üçün təmkinli mövqe nümayiş etdirir.

Qazax rayonun işğaldan azad edilən ərazilərinə böyük köç müəyyən mərhələdən sonra mümkün olacaq. Vaxtilə əcdadımızın yandırdığı ocağın hər biri yenidən alovlanacaq. Xalqımız onun istisində qızınacaq”.

Politoloq Ramiz Alıyev isə qeyd edib ki, işğaldan azad edilən ərazilərimizə qayıdış prosesi sürətlə aparılır:

“”Böyük qayıdış” proqramına əsasən işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa işləri görülür. Azərbaycan dövlətinin həyata keçirdiyi bu proqram ona hesablanıb ki, sözügedən ərazilərə qayıdacaq vətəndaşlarımızın yaşayışı yüksək səviyyədə təmin edilsin, işsizlik problemi öz həllini tapsın. Bunun üçün də elektrik naqillərinin, qaz xəttinin çəkilməsi, elektrik tələbatının təmin edilməsi istiqamətində işlər görülüb ki, soydaşlarımız kommunal məsələlərdə çətinliklə üzləşməsinlər. Dövlət orqanları tərəfindən açılacaq yeni iş yerləri vasitəsilə insanların işlə təmin olunması prosesi reallaşır.  Bu gün işğaldan azad edilmiş ərazilərdə ən böyük maneələrdən biri basdırılan çoxsaylı minalardır. Azərbaycan minaların təmizlənməsi prosesini təkbaşına üzərinə götürüb və həmin ərazilərdə proses davam etdirilir”.

Politoloqun sözlərinə görə, mina təmizlənməsi  ağır məsələdir və dünyanın heç bir ölkəsində bir dövlət təkbaşına bunu həyata keçirə bilmir:

“Bu gün sözügedən prosesin həyata keçirilməsində heç bir beynəlxalq təşkilat və ya böyük dövlətlər Azərbaycana dəstək vermir. Dövlətimiz işğaldan azad edilən ərazilərdə normal yaşayın təmin edilməsi üçün mühüm addımlar atır. 2024-cü ildə “Böyük qayıdış” proqramı çərçivəsində Xocalı, Kəlbəcər, Şuşa, Xankəndi və digər ərazilərə qayıdışın baş tutması proqramda öz əksini tapıb”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.