“Azərbaycan-Rusiya münasibətləri heç vaxt indiki qədər inkişaf etməyib”- Millət vəkilindən ŞƏRHbackend

“Azərbaycan-Rusiya münasibətləri heç vaxt indiki qədər inkişaf etməyib”- Millət vəkilindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Rusiya Azərbaycan münasibətləri tam fərqli şəkildə inkişaf edir. Əslində, bu konteks 2020-ci ildən yəni, 44 günlük İkinci Qarabağ müharibəsində əldə olunmuş Zəfərdən sonra formalaşmağa başlayıb. Artıq Azərbaycan Rusiya ilə münasibətlərini Cənubi Qafqazda dəyişdirdiyi geosiyasi xətt üzərində qurur. İki ölkə arasında siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycan daima xarici siyasət kursunda Rusiya ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlərə böyük əhəmiyyət verib:

“Ümumiyyətlə, indiki şəraitdə dövlətimiz xarici siyasətdə ancaq öz milli maraqlarından irəli gələn tərəfdaşlıqlar qurur. Əslində böyük dövlətlərin maraqlarının toqquşduğu bir regionda buna nail olmaq olduqca çətindir. Son illər qlobal siyasətin əsas gücləri olan dövlətlər Azərbaycanın milli maraqlarını necə qoruduğunun şahidi oldu və bu maraqlar onlar üçün Cənubi Qafqaza giriş açarı olduğunu anladılar. Hazırda Cənubi Qafqazla bağlı bütün əməkdaşlıqlar dövlətimizin milli maraqları çərçivəsində baş tutur.

Rusiya üçün də iki ölkə arasında regiondakı kommunikasiya məsələlərinin olduqca əhəmiyyətlidir. Qazaxın kəndlərinin də qaytarılması gözlənilən kommunikasiya xətlərinin açılmasına bir addımda yaxınlaşmaq deməkdir.
Azərbaycanın geosiyasi cəhətdən çətin bir regionda yerləşməsinə baxmayaraq yürütdüyü rasional və balanslaşdırılmış siyasət nəticəsində bütün xarici əlaqələr ölkəmizin maraqlarının nəzərə alınmasıyla qurulub. Azərbaycan-Rusiya münasibətləri heç vaxt indiki qədər inkişaf etməyib. 2024-cü il ərzində tərəflər arasında bütün istiqamətlərdə inkişaf göz qabağındadır”.

//Gülnarə Abasova, Editor.az