“Keçən ilin fevralında Azərbaycanla Rusiya arasında əməkdaşlıq barədə imzalanmış bəyannamədə münasibətlərin daha da inkişaf etdirilməsi, ikitərəfli əlaqələrin gücləndirilməsi kimi bir çox vacib məsələlər əksini tapıb”.
Bunu Editor.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışı zamanı 2022-ci ilin fevralında imzalanmış Bəyannaməni Rusiya ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələsi kimi dəyərləndirməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu gün həmin prosesə nəzər saldıqda Azərbaycanın bu istiqamətdə üzərinə düşən vəzifələri yerinə yetirmək üçün bütün addımları atdığı görülür: ” Rəsmi Bakı Rusiya ilə münasibətlərə xələl gətirəcək bir addım atmayıb. Əksinə inkişafı üçün səy göstərib. Bu gün də Azərbaycan Rusiya ilə əlaqələrin inkişafında maraqlıdır, münasibətləri qorumaq üçün addımlar atır. Təəssüf ki, bəzi Rusiya rəsmiləri Azərbaycanla bağlı səsləndirdiyi fikirlərdə yanlışlıqlara yol verirlər. Bu kimi halların baş verməməsi üçün rus rəsmiləri diqqətli olmalıdır. Rəsmi Bakı üzərinə düşəni edir, Moskva da bu sahəyə xüsusi diqqət ayırmalıdır “.
//Safura Bənnayeva, Editor.az

