Azərbaycan saytlarının bloklanmasına baş redaktorlardan ETİRAZ: “Rusiyadan azad fikrə hörmət gözləməyin”backend

Azərbaycan saytlarının bloklanmasına baş redaktorlardan ETİRAZ: “Rusiyadan azad fikrə hörmət gözləməyin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) oxu.az saytını ölkə ərazisində bloklayıb. Xatırladaq ki,bundan öncə Rusiya ərazisində Haqqin.azMinval.az media qurumlarına da giriş məhdudlaşdırılıb. 

Mövzu ilə əlaqədar Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə Editor.az-a açıqlamasında bildirib ki, insanların, o cümlədən, rusdilli əhalinin həqiqəti bilmək kimi fundamental hüququ var:

““Roskomnadzor” rus dilində həqiqətləri yayan KİV-ləri, o  cümlədən Azərbaycanın xəbər portallarını bloklamaqla söz azadlığını, plüralizm prinsiplərini pozur, demokratiyaya zidd fəaliyyət sərgiləyir. Rusiya-Ukrayna müharibəsinin davam etdiyi indiki həssas durumda bu qərarın verilməsi xüsusilə təəssüf doğurur. İnsanların ən müxtəlif mənbələrdən informasiya almaq hüququnu məhdudlaşdırmaq yolverilməzdir. Təxminən ilyarım əvvəl Azərbaycan Ermənistanın təxribatlarını dəf etmək üçün hərbi əməliyyatlar aparırıdı. Amma Azərbaycan dövləti öz təhlükəsizliyi üçün vacib olan zamanlarda, hətta 44 günlük müharibə dönəmində də Rusiya KİV-lərini bloklamayıb. Heç kim dana bilməz ki, Rusiyanın əksər KİV-ləri 44 günlük müharibə dövründə rəqib cəbhədə yer tutaraq Azərbaycana qarşı informasiya savaşı aparırdılar. Hətta bir çox KİV-lər ermənilərin ruporu kimi çıxış edir, Azərbaycanın haqq davasına kölgə salırdılar. Hesab edirəm ki, Rusiya bu qərarına yenidən baxmalıdır. İnsan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar da bu məsələdə Azərbaycan KİV-ləri ilə həmrəylik nümayiş etdirməli, Rusiyanın antidemokratik fəaliyyətinin durdurulması üçün hərəkətə keçməlidirlər”.

Visiontv.az” saytının baş redaktoru Şöhrət Eldəniz isə Editor.aza bildirib ki, Azərbaycanın haqqin.az, oxu.az, minval.az, baku.ws saytlarının Rusiyada bloklanmasına zərrə qədər təccüblənməyib:

“Rəsmi Kremlin xoşuna gəlməyən məlumatı deyən jurnalistə 15 il həbs cəzası kəsən bir ölkədən siz azad sözə, demokratik fikrə hörmət gözləyirdiniz? Bir ölkənin ki, Jurnalistlər İttifaqına Solovyov rəhbərlik edirsə, siz ondan sözə, fikrə dözümlülük gözləyirdiniz? Bir ölkənin ki, ideoloji-təbliğat sisteminə Simonyan kimiləri rəhbərlik edirsə, siz onlardan bəyəm alternativ media resurslarına hörmət gözləyirdiniz? Gözləmirdinizsə onda nədən bu qədər təccüblənirik?”.

Baş redaktorun sözlərinə görə, Rusiya təbliğat sistemi qonşu ölkələri qorxutmaq, şantaj etmək, əzmək prinsipləri üzərində qurulub:

“Rusiya mediası bizimlə və digər qonşu ölkələrlə daha sivil münasibət qurmağa hazır deyil və yaxın gələcəkdə də hazır olmayacaqlar.  Vassal kimi yuxarıdan aşağı baxdıqları Azərbaycan kimi ölkələrin alternativ informasiya resurslarına hörmət qoymaq onlar üçün məqbul hesab olunmur. Əslində heç ağıllarına belə gəlmir. Ona görə də bizim rusdilli saytlara Rusiya tərəfdən blok qoyulmasına mən heç təccüblənmədim. Heç siz də təccüblənməyin”.

//Gülnarə Abasova, Editor.az