Azərbaycan səfiri Karib hövzəsi ölkələri Birliyinin 44-cü Hökumət Başçıları Konfransında iştirak edib – FOTObackend

Azərbaycan səfiri Karib hövzəsi ölkələri Birliyinin 44-cü Hökumət Başçıları Konfransında iştirak edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15 fevral tarixində Azərbaycan Respublikasının Kuba Respublikasındakı səfiri Ruslan Rzayev Baham Adalarının paytaxtı Nassau şəhərində Karib hövzəsi ölkələri Birliyinin (CARICOM) 44-cü Hökumət Başçıları Konfransında iştirak edib.

Bu barədə Azərbaycan Respublikasının Kuba Respublikasındakı Səfirliyi məlumat yayıb.

R.Rzayev Konfrans çərçivəsində CARICOM xarici işlər nazirlərinin iştirakı ilə keçirilən təşkilatın Xarici və Birlik Əlaqələri üzrə Şurasının (COFCOR) 17-ci iclasında çıxış edib.

Çıxışı zamanı R.Rzayev Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi dövründə həyata keçirdiyi tədbirlər, koronavirus pandemiyası ilə mübarizə sahəsində irəli sürdüyü beynəlxalq səviyyəli təşəbbüslər, QH-nın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun təsis edilməsi, pandemiyaya qarşı mübarizə üzrə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması, habelə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə
ölkəmiz tərəfindən inkişaf etməkdə olan ölkələrə göstərilən maliyyə və humanitar yardımlar barədə məlumat verib.

R.Rzayev həmçinin CARICOM-un üzv dövlətlərini post-pandemiya dövründə qlobal bərpa mövzusunun müzakirəsi üçün mühüm platforma kimi 2 mart tarixində Bakıda keçiriləcək QH-nın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə ən yüksək səviyyədə iştirak etməyə dəvət edib.