“Əldə edilmiş razılaşmalara görə, separatçıların, qanunsuz hərbi birləşmələrin malik olduqları silah-sursat, hərbi texnika Azərbaycan tərəfinə təhvil verilir. Bu, belə də olmalıdır. Çünki həmin qanunsuz silahlı dəstələr Azərbaycan ərazisində fəaliyyət göstərirdi. Silahların Rusiya sülhməramlıları, yaxud Ermənistana daşınması qanuna ziddir. Cinayət Azərbaycan ərazisində baş verib. Ona görə də həm mühakimə olunacaq cinayətkarlar, həm də onların malik olduğu silah-sursat, hərbi texnika Azərbaycana təhvil verilməlidir. Bu proses isə sürətlə davam edir”.
Bu sözləri Editor.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.
Analitik separatçıların niyyətlərini həyata keçirdə bilməyəcəklərinin çoxdan məlum olduğunu bildirib:
“Bunu şərtləndirən bir çox amillər var. Ən başlıcası isə dünyanın aparıcı dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb hörmət etməsidir. Belə bir şəraitdə Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində beynəlxalq ictimaiyyətə məlumat verib ki, Qarabağda Azərbaycanın müstəqilliyi, təhlükəsizliyi, vətəndaşların sağlamlığı təhdid olunur. Ərazilərimizdə terror aksiyaları keçirildi, təxribatlar həyata keçirildi, habelə müxtəlif hərbi istehkamlar, fortifikasiya qurğuları quraşdırıldı. Bütün bunlar Azərbaycanda qanunsuz hərbi birləşmələrin dövlətimizə qarşı terror təhlükəsi idi. Beynəlxalq ictimaiyyət məlumatlandırıldıqdan sonra bu təhlükəni dəf etmək üçün Azərbaycan antiterror tədbirləri həyata keçirtdi. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığından, Qarabağı Azərbaycan ərazisi elan etdiyindən bu prosesə müdaxilə etmədi. Bu xüsusda Rusiya da məlumatlandırıldı ki, Azərbaycanın ərazi bütövlüyü ciddi şəkildə təhdid olunur, 2020-ci ilin 10 noyabr bəyanatına zidd addımlar atılır. Beləliklə, Azərbaycanın səbr kasasının dolması uğurlu antiterror tədbirləri ilə nəticələndi. Bu hal bir daha sübut edir ki, separatizm regionun təhlükəsizliyinə çox ciddi problem yaradır. Azərbaycan separatizmin kökünü kəsməklə Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına ciddi töhfə verdi. Bu, perspektivdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə ciddi təkan verə biləcək.Proses bütövlükdə Cənubi Qafqazda Azərbaycan, Ermənistan, Gürcüstan əməkdaşlığının güclənməsinə səbəb ola bilər. Bu da regionun inkişafı, təhlükəsizliyi deməkdir”.
//Gülnarə Abasova, Editor.az