Ötən gün Azərbaycan sərhədinə – Nerkin Hand kəndinə gələrək, sakinlərlə görüşən. daha sonra Azərbaycan mövqelərini izləyən Fransa bayraqlı avtomobil bu ölkənin Ermənistandakı səfirliyinin imiş.
Editor.az axar.az-a istinadən bildirir ki, bununla bağlı Fransanın Ermənistandakı səfiri Olivye Dekottini status yazıb.
Belə ki, Dekottini Azərbaycan mediasının Fransa bayraqlı avtomobilin sərhədimizə gəlməsi və bunun fransız kəşfiyyatı olması ehtimalı ilə bağlı xəbərini paylaşaraq, sərhədimizə özünün gəldiyini bildirib.
Qeyd edək ki, Fransa Ermənistana artıq hərbi attaşesini də təyin edib və AB “missiyası” adlanan qurumda bu ölkənin xüsusi xidmət orqanlarında çalışmış onlarla zabiti xidmət edir. Fransanın Ermənistandakı səfirliyinin isə casusluq fəaliyyətini himayə və birbaşa koordinasiya etdiyi istisna edilə bilməz. Yəni bir səfir Zəngəzura gəlirsə, Azərbaycanla sərhədi müşahidə edirsə, bu barədə – səfərin məqsədi, kimlərlə hansı səbəbdən görüşəcəyi və ya görüşdüyü barədə yerli mediada məlumat yayılır.
Fransa səfiri isə nədənsə Azərbaycan sərhədinə gələrkən, heç bir məlumat yaymamaq qərarı verib. Azərbaycan mediası bu videonu tirajlamasaydı, ümumiyyətlə Dekottini belə bir səfəri haqda məlumat da yaymayacaqdı.
Görəsən, səfirin digər ölkənin sərhədinə gedib, binoklla müşahidə aparmasının səbəbi nədir və bu haqda niyə əvvəlcədən məlumat yaymır? Dekottini Nerkin Handda nə gəzirdi?
Heç bu suallara da Dekottini cavab verməyi lazım bilməyib.