İrandakı anti-Azərbaycan qrupu yenidən fəallaşmağa başlayıb.

Editor.az  Tribuna.az-a istinadla xəbər verir ki, son iki həftə ərzində qruplaşmanın üzvləri mütəmadi olaraq ölkəmiz əleyhinə çıxışlar edib.

Qruplaşmanın əsas fiqurlarından biri olan Ehsan Movəhhediyan daha bir böhtan çıxışı ilə diqqət mərkəzinə gəlib. O iddia edib ki, guya Azərbaycan 12 günlük müharibə zamanı Təbrizə qoşun göndərməklə bağlı çağırış edib.

“12 günlük müharibə və etirazlar zamanı Azərbaycan rəsmiləri Təbrizə ordu göndərilməsindən danışıb. Həmçinin rəsmilər İranın ali rəhbəri Əli Xameneyinin istefa verməli olduğunu deyiblər”.

Lakin bununla kifayətlənməyən üzdəniraq “ekspert” israilli professor və məşhur politoloq Brenda Şefferin də adını çəkərək, ona “İranın parçalanmasını təşviq edir” ittihamını irəli sürüb. Ardından isə daha bir böhtanı dilinə gətirib: “Onu maliyyələşdirən isə SOCAR-dır”.

Bu iddialar Azərbaycanın şərlənməsi deyilmi? Azərbaycan rəhbərliyindən heç vaxt “Təbrizə qoşun yeritmək” kimi bəyanatlar olmadığı halda belə bir uydurmanın ortaya atılmasında məqsəd nədir?

Siyasi şərhçi Azər Həsrət Musavat.com-a bildirib ki, iranlı “ekspert”in iddiaları sərsəm fikirlərdir. Onun sözlərinə görə, Azərbaycan dövlətinin heç bir təmsilçisi heç vaxt İranla bağlı o cür fikirlər dilə gətirməyib:

“Azərbaycan dövləti məsuliyyətsiz dövlətlərdən deyil ki, ağzına və ağlına gələn iddialarla çıxış etsin. Azərbaycan dövlətinin rəsmiləri bütün çıxışlarında açıq bəyan edirlər ki, İran dövlətinin bütövlüyünün tərəfdarıyıq. Bunu Azərbaycan Prezidenti də dəfələrlə çıxışlarında qeyd edib. Biz heç bir dövlətin ərazisinə iddia etmirik. Belə olduğu halda, İrandan kimlərsə çıxıb Azərbaycanın guya Təbrizə qoşun yeritmək istədiyini iddia edirsə, açıq-aşkar böhtanla məşğuldur. Brenda Şefferin fikirlərinə gəlincə, o, müstəqil siyasi ekspertdir və Azərbaycan heç vaxt onu maliyyələşdirməyib. Hansısa xarici bir ekspertin səsləndirdiyi fikrə görə Azərbaycan məsuliyyət daşımır”.

Azər Həsrət: “Azərbaycan “ru” domenində olan konkret saytlara girişi  məhdudlaşdırmalıdır” Pravda.az

Siyasi şərhçinin sözlərinə görə, İran ABŞ və İsraildən gələcək mümkün hücumları qoyub Azərbaycana böhtan yağdırmaqla daxili ictimai rəyi çaşdırmağa çalışır:

“Bir şeyi anlamırlar ki, İranda nəsə baş verəcəksə, bu, daxildə baş verəcək və xalqın qarşısında heç kim dayana bilməyəcək. Azərbaycanın isə oraya qoşun yeritməsinə ehtiyacı yoxdur. Çünki İranın əhalisinin onsuz da 50 faizindən çoxu türklərdir və onlar molla rejimini uzaqlaşdırıb hakimiyyəti ələ alacaqlar. Bunun üçün Azərbaycan Respublikasının prosesdə iştirakına zərurət yoxdur”.