Azərbaycan təhsilini kimlər idarə edir?-MARAQLI ADLARbackend

Azərbaycan təhsilini kimlər idarə edir?-MARAQLI ADLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kamran Əsədov: “Regional Təhsil İdarələri rəhbərliklərinə təyinatlar məsxərə predmetidir”

“Təhsil sistemində aparılan islahatlar prosesi kimi regional təhsil idarələri yaradılması uzun müqavimətdən sonra nəhayət ki, reallaşdırıldı. Artıq ikisi istisna olmaqla idarələrə təyinatlar həyata keçirilib. Sosial lift ilə vəzifələrə yüksələn Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyevin təyinatı istisna olmaqla yerdə qalan 8 idarəyə rəhbər təyinatı yalnız gülüş, təəccüb və ən yaxşı halda sual doğura bilər”.

Editor.az xəbər verir ki, bu açıqlama ilə tanınmış təhsil eksperti Kamran Əsədov çıxış edib. Ekspert öz sosial şəbəkə hesabında yazır:

“Şəki-Zaqatala Regional Təhsil İdarəsinə ixtisasca pedaqoq olan müdiri Bəhruz Mehdiyev təlimçilik və bankçılıq fəaliyyətindən sonra lisey direktoru postuna, oradan da yaşamadığı və işləmədiyi bölgəyə təyinat almağı bacarıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin ixtisasca pedaqoq olan müdiri Elçin Kərimov yerli təhsil idarəetmə orqanının rəhbərliyinə, oradan da mərkəzi təhsil idarəetmə orqanlarına sosial lift ilə vəzifələrə yüksəlməklə karyerasını qursa da bu bölgədə yaşamadığı və işləmədiyi diqqəti çəkir.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin heç vaxt məktəblərdə işləməyən təcrübəsiz müdiri Elxan Nəcəfovun kurs əməkdaşlığından birdən-birə Təhsil İnstitutuna, oradan da heç vaxt yaşamadığı və işləmədiyi bölgəyə vəzifəyə təyin edilməsi və digər regionlarda yaşayan kurs yoldaşlarını müavin və sektor müdiri vəzifələrə gətirməsi nəzərdən yayınmır. Qeyd etdiyimiz bu təyinatlar müəyyən suallar doğurur.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri, ixtisasca mühasib olan Sənan Mənsimli ərazi maliyyə hesablaşma mərkəzi rəhbərliyindən və nazirliyin bəzi layihələrinin maliyyələşməsini həyata keçirməklə təhsil sahəsində idarəetmə vəzifələrinə yüksələ bilib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri, xaricdə də təhsil alan ixtisasca mühasib olan Anar Qədiməliyev nazirliyin strukturunda çalışandan sonra Gəncə şəhər yerli təhsil idarəetmə orqanın rəhbərliyindən indiki vəzifəyə təyinat alıb.

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev nazirlik və onun strukturlarında çalışdığı adi vəzifələrdən heç vaxt yaşamadığı və işləmədiyi regiona təyinat alıb. Yuxarıdakı təyinatlar isə yalnız təəccüb doğurur.

Qarabağ Regional Təhsil İdarəsinin ixtisasca hərbçi olan müdiri Gündüz Əbdülov hərbi sahədə müxtəlif vəzifələrdə işləyəndən sonra TƏBİB-in aparat rəhbəri postundan bölgə təhsilinə rəhbər təyin edilib. Təhsilə bağlılığı ümumiyyətlə olmayan polkovnikin bu vəzifəyə təyinatı fəaliyyətləri sual doğurduğu üçün vəzifədən uzaqlaşdırılan TƏBİB rəhbərliyində təmsil olunması faktı ilə birlikdə nəzərdən keçiriləndə qəribə mənzərə yaranır.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri, ixtisasca politoloq olan Arslan Hacıyev həm də xaricdə təhsil alıb. Arslan Hacıyevin karyerası satış üzrə menecerlikdən başlayaraq “Azərşəkər” MMC-də müxtəlif kiçik vəzifələrdən təhsil sahəsindəki indiki idarəetmə vəzifəsinə yüksəlişlə müşayət olunmuşdur. Son təyinatlar isə ölkə ictimaiyyətində gülüş doğurmuşdur.

Əhalisi 500 min nəfərdən, məktəbləri 500-dən artıq azı 5 inzibati rayonu əhatə edən regionda təhsili idarə etməyə 5 nəfərin tapılmaması görünütü, əvəzində rəhbərliyin bölgəni tanımayan kənar regiondan olan insanlardan təyinat həyata keçirməsi sadəcə bölgə təhsil işçilərində rəhbərliyə etimadsızlıq yaradan haldır.
İxtisaslı olmayan, bəzi hallarda isə təhsil sistemində çalışamayan təsadüfü insanların regional təhsil idarəetmə orqanlarında yüksək postlara təyinatı sanki məzhəkədir.

Bütün bunlar ölkə ictimaiyyətində təhsil islahatlarına ümidləri qırmaqla yanaşı təhsili idarə edən orqanlara etimadı da azaltmışdır. Bu təyinatları həyata keçirənlər və ya vəzifələrə təyin edilən bu insanlar müəllimlərə hansı örnəyi göstərmiş ola bilərlər?”.

//Editor.az