“Azərbaycan təmkinli davransa da səbri sonsuz deyil”- Politoloqbackend

“Azərbaycan təmkinli davransa da səbri sonsuz deyil”- Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan parlamentinin deputatlarının separatçı quruma gəlməsi ilə bağlı çağırış tamamilə yolverilməzdir. Bu prosesi daha da gərginləşdirməyə xidmət edir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, son dövrlər Ermənistanın sərgilədiyi mövqe, siyasi diplomatik danışıqlar ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırması və digər amillər Azərbaycanın antiterror əməliyyatını həyata keçirtmək üçün arqumentasiyasını get-gedə gücləndirir:

“Bu xüsusda Azərbaycan üçtərəfli birgə bəyanatının 4-cü maddəsinin icra edilməsində maraqlıdır. Bu barədə cənab Prezident İlham Əliyev 2022-ci ilin altıncı ayının yekunlarına həsr olunan konfransda çox ciddi xəbərdarlıqlarını bildirdi. Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazisini qeyri- şərtsiz tərk etməlidir. Xankəndinə Ermənistan parlamentinin deputatlarının gəlişi zamanı sülhməramlılar mütləq şəkildə məlumatlandırılmalıdır ki, sonra hər hansı problemlər ortaya çıxmasın”.

İ. Hüseynov bildirib ki, hər il 2 sentyabr tarixində Ermənistan bu cür avantüra yaratmaqla məşğul olur:

“Lakin müharibədən qalib ayrılan Azərbaycan hazırda şərtləri diktə edən tərəfdir. Separatçılarla bağlı artıq bütün yaranan narahatlıqlar aradan qalxmalıdır. Ermənistan tərəfi bu istiqamətdə status məsələsini hələ də qaldırır. Lakin Azərbaycan ərazisində kompakt yaşayan ermənilərin bütün hüquqları, imtiyazları, vəzifələri ilə bağlı məsələlər Azərbaycanın daxili yurisdiksiyasına aiddir.Bu baxımdan qeyd olunan səfər yalnız gərginliyin daha da genişlənməsinə şərait yarada bilər, eskalasiya risklərini bir qədər də gücləndirər. Sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidən və Ermənistan ərazisindən Azərbaycanın mövqeləri də atəşə tutulur. Bu da qəbulolunmaz mənzərədir. Lakin Azərbaycan təmkinli davransa da səbri sonsuz deyil və hər təxribatçı hərəkətə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır”.

//Gülnarə Abasova, Editor.az