“Azərbaycan təmsil olunduğu bütün platformalara uğur qazandırır”- Millət vəkili ŞƏRH EDİRbackend

“Azərbaycan təmsil olunduğu bütün platformalara uğur qazandırır”- Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan bütün platformalarda olduğu kimi, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) da ən fəal təmsilçilərindən biridir. 25 il əvvəl SPECA yarananda həm Mərkəzi Asiya ölkələri, həm də Azərbaycan hələ öz müstəqilliklərinin ilk illərini yaşayırdılar. SSRİ dağıldıqdan sonra həm daxili iqtisadi sistem, həm də ölkələr arasında iqtisadi əlaqələr ciddi sarsıntıya uğradı. Belə bir dövrdə bu ölkələrin ayrı-ayrı böyük güclərin nəzarəti altında qalacaqlarına dair fikirlər mövcud idi. Lakin zaman keçdikcə bu iddiaların əsassız olduğu təsdiqləndi”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili bildirib ki, SPECA ölkələri və Azərbaycan iqtisadi, demokratik inkişaf, ictimai-siyasi sabitlik baxımından nümunəvi ölkələrə çevriliblər:

“SPECA-nın Bakıda keçirilən zirvə toplantısı bir daha göstərdi ki, Mərkəzi Asiya ölkələri və Azərbaycan vahid geosiyasi, geoiqtisadi və mədəni bir məkandır. Prezident İlham Əliyevin sammitdə bəyan etdiyi kimi, son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik və ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. “Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.”

K.Nurullayevanın sözlərinə görə, Sammit çərçivəsində Bakıda keçirilən sərgi isə ölkələrimizin malik olduğu sənaye, hərbi-texniki potensialının yalnız bir hissəsidir:

“Amma bu da ölkələrimizin nə qədər böyük imkanlara və perspektivə malik olduğunu nümayiş etdirir. Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə qarşılıqlı inteqrasiyası uğurla davam edir. Türk Dövlətləri Təşkilatı, SPECA kimi formatlarda effektiv əməkdaşlıq mövcuddur. Azərbaycanın sədrliyi ilə SPECA regionun iqtisadi inkişafına yönəlik çox gözəl imkanlar yaradan platformaya çevrilməkdədir. Bakı zirvəsində məhz Azərbaycanın SPECA istiqamətində iki əsas sıçrayışın müəllifi olduğu xüsusi qeyd olundu. Belə ki, SPECA-nın son 25 illik tarixi dövründə ilk dəfə səviyyə iştirakçı ölkələrin dövlət başçıları səviyyəsinə qalxdı. Eyni zamanda uzun müddətdir, plan olaraq qalan Etimad Fondunun yaradılmasına nail olundu. Prezident İlham Əliyevin dəvəti ilə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibinin fəxri qonaqlar qismində iştirak etdiyi – yeni tərkibli zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatı üçün təkan ola bilər.
SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum isə ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərdi”.

//Gülnarə Abasova, Editor.az