“Bir neçə müddətdir ki, xüsusilə də sərhəd keçid məntəqəsi qurulandan sonra ermənilər həm şərti sərhədlərdə, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə çoxsaylı təxribatları, mühəndis texnikaların cəlb edilməsi ilə ordumuzla üzbəüz ərazilərdə fortifikasiya qurğuları yaradıb, təminat-təchizat yollarını genişləndirirlər”.
Bu fikirləri Editor.az-a hərbi ekspert Ədalət Verdiyev Müdafiə Nazirliyindən verilən xəbərdə bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində, qeyri-qanuni erməni silahlı birləşmələri tərəfindən mühəndis texnikasının cəlb olunması ilə müxtəlif istiqamətlərdə təminat yollarının genişləndirilməsi, səngərlərin qazılması, sığınacaqların hazırlanması, eləcə də döyüş mövqelərinə müşahidə kameralarının quraşdırılmasının qarşısının alınmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Qarabağda mövcud olan separatçılar Azərbaycan Ordusuna qarşı müqavimət potensialını daha da gücləndirmək üçün həmin tədbirləri görürlər: “Müşahidə kameralarının qoyulması isə birmənalı olaraq ermənilərin maraqlarına uyğun bir şəkildə hadisələri tirajlamaq, öz mənafeləri üçün istifadə məqsədi daşıyır. Ərazilərimizdə Azərbaycanın qanuni güc strukturlarının fəaliyyətini izləmək yalnız Azərbaycan dövlətinə aid funksiyadır. Nə ərazilərimizdə qanunsuz şəkildə yerləşdirilmiş erməni silahlıları, nə də müvəqqəti mövcud olan rus sülhməramlıları qoşunlarımızın fəaliyyətini izləmək imkanına malikdir”.
Hərbi ekspert qeyd edir ki, təxribatlara görə düşmənə verilən adekvat cavablar daha təsirli, sərt olmalıdır ki, qarşı tərəf eyni halları təkrarlaya bilməsin: “Müharibə bitdikdən sonra keçən müddətdə hələ də erməni silahlıları ərazilərimizdən çıxarılmayıb. Nə Ermənistan, nə də Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib.
Azərbaycan isə öz ərazilərində təmizləmə işləri aparıb qeyri-qanuni birləşmələri çıxartmalıdır “.
//Safura Bənnayeva, Editor.az

